Qidalandığımız yağların keyfiyyəti ilə sağlamlığımız birbaşa səbəb-nəticə əlaqəsi ilə bağlıdır. İlk növbədə bundan qaraciyər və ürək damar sistemi əziyyət çəkir. Odur ki, yediyimiz yağlara xüsusi diqqət yetirməliyik. İstifadə etdiyimiz yağlar aşağıdakı qruplara bölünür. Yağlar molekulyar quruluşuna baxsaq qliserin və yağ turşularının birləşmələrindən ibarətdir. Ümumilikdə karbon, hidrogen və oksigen elementlərindən təşkil olunub. Yağlar doymuş və doymamış yağlar olaraq iki qrupda təsnif olunur. Doymuş yağlara heyvani yağlar aiddir və adi halda bərk şəkildə olur. Doymamış yağlara əsas etibarilə bitki yağları aiddir və maye şəklində olur. Bir də süni şəkildə hazırlanan trans yağlar var. Bu barədə ətraflı aşağıda qeyd etmişik.
Doymuş yağların tərkibində karbon atomlarının bütün valentlikləri hidrogenlə tam tutulmuşdur. Yəni karbon zənciri hidrogenlə tam doyub. Otaq temperaturunda bərk halda olur. Əsasən heyvani yağlar bu qrupa aiddir. Bu yağları artıq tükətdikdə qanda ümumi xolesterinin və `pis` xolesterin adlandırdığımız LDL`in miqdarını artırır. Bu da son nəticədə ürək xəstəlikləri, damar tutulmaları (ateroskleroz), kanser və piylənmə kimi təhlükəli xəstəliklərə gətirib çıxarır. Həkimlər günlük qəbul edilən kaloru içində doymuş yağların 10%`i keçməməsini tövsiyə edirlər.
Doymamış yağların tərkibində ikiqat karbon-karbon rabitələri vardır. Bu rabitələr hidrogenlə tutulmayıb. Bitki yağlarının əksəriyyəti bu qrupa aiddir (istisna olaraq palma yağı bərk formadadır). Doymamış yağlardan daha çox istifadə etmək tövsiyə olunur. Zeytun, qarğıdalı, günəbaxan yağları bu qrupa aiddir. Balıqlarda çox olan omega 3 və omega 6 yağlarında karbon zəncirində olan doymamış rabitələrin sayı daha çoxdur. Bunlar çox faydalı qida hesab olunur. Omeqa 6 zeytun, qarğıdalı, günəbaxan yağlarında da vardır.
Trans yağlar-doymamış yağların xüsusi üsullarla qızdırılaraq hidrogenləşdirilməsi nəticəsində yaranır. Doymamış yağların strukturunda karbon zəncirindəki doymamış karbon rabitələrinə hidrogen atomları birləşdirilərək doymuş hala gətirilir. Ancaq bu doymuş yağ turşularından fərqli olaraq təbii deyil. Trans yağlar sözünü son zamanlar daha çox eşitməyə başlamışıq. Bu yağlar zərərlidir və istifadasi kanser, piylənmə, şəkərli diabet, ürək xəstəlikləri, damar tutulmaları, qaraciyərin funksiya pozğunluqları, sonsuzluq, hüceyrə funksiyasında pozğunluqlar kimi patalogiyalara gətirib çıxarır. Trans yağların çox tükətimi erkən ölümlərin bir səbəbidir. Bəzi araşdırmalar trans yağları çox tükətənlərdə infarkt keçirmə riskinin 3 dəfə yüksək olduğunu göstərib. Bu yağlar son dövrlərdə qidamıza daxil olub və daha çox biznes xarakterlidir. Bu yağların maya dəyərinin az olması, istifadə ömrünün çox olması, dəfələrlə istifadə oluna bilməsi, dadlı olması qida sənayesində geniş yayılmasına səbəb olub.
Cipsi, fabrikat şirniyyat məhsulları, şokolad, restoranlarda hazırlanan qızardılmış məhsullar, fastfood qidaları və s. tərkibində trans yağlar mövcuddur.