Hazırda quşlar arasında yayılan və insanların ölümünə də səbəb olan infeksiya xlamidiya bakteriyaları tərəfindən törədilən ornitoz adlanan infeksion (yoluxucu) xəstəliyidir. Bu xəstəlik quşlar arasında yayılır, çöl quşlarından ev quşlarına yoluxur. Ev quşları ilə təmasda olma ya da kəsilib bişirilmə prosesi zamanı isə insanlar bu xəstəliyə yoluxur. Bütün quşlar bu xəstəliyə yoluxa bilir, tutuquşular daha həssas olduğu və ilk dəfə də onlarda tapıldığı üçün bu xəstəliyə tutuquşu xəstəliyi və ya tutuquşu qızdırması da deyilir.
İnsanlar bu xəstəliyə daha çox ördək, hindquşu, toyuq, göyərçin və tutuquşulardan yoluxur.
Fermada işləyənlərə, quş saxlayanlara ya da kəsim zamanı insanlara havadan toz vasitəsilə yoluxur. Xəstəlik əlamətləri titrətmə ilə gələn yüksək qızdırma, halsızlıq, boğaz ağrısı, öskürək, sümük-əzələ ağrılarından ibarət olur. Ağciyər pnevmoniyası yəni ağciyər parenximasının iltihabı xəstəliyi inkişaf edir.
Diaqnozu qan analizi vasitəsilə qoyulur.
Müalicəsi xəstəlik törədicisinin həssas olduğu antibiotiklərlə aparılır.
Xəstəlikdən qorunmaq üçün daha çox quşlarla təmasda olanlar özlərini qorumalıdır. Əgər quşlar arasında xəstələnmə halları ya da şübhəli əlamətlər varsa baytar həkimə müraciət etməlidirlər.
Bu xəstəlik insandan insana yoluxmur. Quşlardan insana yoluxduğu üçün sanitar-baytarlıq nəzarəti gücləndirilməlidir. Ölkə ərazisində olan quşların müayinəsi və xəstələnmə hallarının monitorinqi aparılmalıdır.
Ətraflı məlumat üçün aşağıdakı linkdən youtube kanalımızdan izləyə bilərsiniz.