Toksoplazmoz xroniki gedişli, parazitar mənşəli infeksion xəstəlikdir. Əsasən sinir sistemi, gözləri, miokardı, ağciyəri, əzələləri, limfa düyünlərini və s. zədələyir. Bütün digər ibtidailərdən fərqli olaraq Toxoplazma gondii parazitləri heç bir tropizm xüsusiyyətinə malik olmadan insan orqanizmində bütün növ üzv və toxumalara daxil olaraq orada yaşaya bilirlər. Toksoplazmoz xoş gedişlidir və normal immun sistemi olan şəxslərdə öz-özünə sonlanır lakin kist daxilində latent şəkildə toxuma və hüceyrələrdə ömür boyu qalır. Kistlərin açılması və makrofaq-monositlərdə tapılması residivlərin göstəricisidir. Ən çox sevdiyi yerlər limfa düyünləri, skelet əzələsi, miokard (ürək əzələsi) və beyindir. Nadirən miokardit, pnevmoniya, ensefalit ilə ağırlaşa bilər. Ancaq immun sistemi zəifləmiş şəxslərdə, HİV xəstələrində, orqan köçürülən xəstələrdə bu xəstəlik aqressiv şəkildə gedə bilir.
Toksoplazmoz xəstəliyi Toxsoplazma Gondii parazitləri tərəfindən törədilir. T. Gondii təkhüceyrəli, hüceyrədaxili, DNT tərkibli parazitdir. Bütün dünyada rast gəlinir. Parazitin yayılmasında əsas pişiklər rol oynayır, bu parazitlər pişiyin orqanizmində çoxalır. Pişik nəcisi ilə gün ərzində 10 milyon parazit xaric edir və kontaminasiya olunmuş ətraf mühitdən digər heyvanlar və insanlar yoluxur. İnsan yaxşı bişməmiş ət, çirklənmiş ərzaq və əllə yoluxur. Xəstə insan sağlam şəxsləri yoluxdurmur.
Yoluxma yolları
- Alimentar yol (çirklənmiş qida məhsulları, xəstə heyvanların yaxşı bişirilməmiş əti, kontaminasiya olunmuş su)
- Transplasentar yol (anadan dölə)
Çiy və ya yaxşı bişirilməmiş ət, yaxşı yuyulmadan yeyilən göy-göyərti, tərəvəzin yeyilməsi və parazitlə çirklənmiş suyun qəbulu nəticəsində yoluxma baş verir.
İnfeksiyaya yoluxma embriogenez dövründə baş verərsə döldə ağır embriopatiya-inkişaf qüsurları meydana çıxır. Bu dölün ölümü ilə nəticələnir.
İnsandan insana yoluxma baş vermir.
Həyat tsikli
Parazit pişik və pişikkimilərin bağırsağında inkişafa başlayıb cinsi yolla çoxalaraq oosist əmələ gətirir. Oosist iki sporosist`dən ibarətdir. Hər iki sporosistin daxilində sporozoitlər olur. Bunlar heyvanların və insanın orqanizminə daxil olduqda oosist dağılır, sporozoitlər sərbəst qalır və yayılmağa başlayır. Giriş qapısı qalça bağırsaq, yəni yoğun bağırsağın yuxarı hissəsidir. Sporozoitlər toxumada taxizoit adlanır.
Klinik əlamətləri
90% hallarda toksoplazmoz gizli şəkildə gedərək heç bir klinik əlamət göstərmir. Kəskin toksoplazmozda asimptomatik hallarda yeganə simptom limfoadenopatiyadır. Limfa düyünləri bir neçə aya kiçilir. Simptomlu hallarda (<10%) bu xəstəlik infeksion mononukleoz və sitomeqalovirus infeksiyası ilə qarışa bilər. İntoksikasiya əlamətləri, qızdırma, halsızlıq, gecə tərləmələri, mialgiyalar (əzələ ağrıları), boğaz ağrısı, makulo-papulyar səpkilər, hepatosplenomeqaliya, atipik limfositlər, tək tərəfli xorioretinit simptomları ilə gedir. Toksoplazmoz yavaş-yavaş inkişaf edir və qızdırma 38 dərəcədən yuxarı qalxmır. Artrit olmur, ürək qüsuru əmələ gəlmir. Toksoplazmozda CRZ və EÇS artmır. Toksoplazmozda qaraciyər zədələnsə də sarılıq əmələ gəlmir. İmmun çatışmazlığı sindromu, orqan köçürülməsi və digər səbəblərdən immun sistemi zəifləmiş şəxslərdə toksoplazma infeksiyası aqressiv şəkildə gedərək həyat üçün təhlükəli ola bilir.
Toksoplazmozda mümkün klinik simptomlar aşağıdakılardır:
- İntoksikasiya əlamətləri, üşütmə, qızdırma, dispepsiya əlamətləri
- Qaraciyərin və dalağın böyüməsi
- Mərkəzi sinir sistemi patalogiyaları
- Polimorf səpkilər (başın tüklü hissəsi, ovuc və ayaqaltından başqa)
- Baş, əzələ və oynaq ağrıları
- Limfa düyünlərinin böyüməsi
- Mezadenit
- Ensefalit, meninqoensefalit
- Anemiya (qan azlığı)
- Miokardit, taxikardiya, ürək nahiyəsində ağrı, hipotenziya
- Damar keçiriciliyinin artması, qanaxmalar
- Bronxit, pnevmoniya, plevrit
- Qaraciyər funksiyasının zəifləməsi
- Gözlərin patalogiyası – xorioretinit, uveit, proqressivləşən yaxıngörmə
Ağırlaşmaları
Kəskin toksoplazmoz xoş gedişlidir və öz-özünə sağalır. Lakin nadir hallarda aqressiv şəkildə gedib həyat üçün təklükəli ağırlaşmalara səbəb olur. Miokardit, pnevmoniya, ensefalit kimi ölümcül ağırlaşmaları ola bilər.
Diaqnozu
Diaqnozunda seroloji üsullardan istifadə edilir. Yəni, parazitə qarşı orqanizmdə əmələ gələn antitelləri təyin edilir. İgM antiteli 1. həftədə pozitivləşir 1. Ayda maksimal səviyyəyə yüksəlir. Bir neçə aya neqativləşir. Bu antitel kəskin xəstəliyi göstərir. İgG 1-2. Həftədə pozitivləşir, 1-2. ayda ən yüksək səviyyəyə qalxır daha sonra azalmağa başlayır, aşağı səviyyələrdə ömür boyu qalır. İnfeksiyanın müddətini İgG avidlik testi ilə ölçülür. Son müayinələrdən PCR müayinəsi də diaqnozun qoyulmasında xəstəliyin mərhələsinə görə yüksək dəqiqlik göstərir.
Müalicəsi
Bütün toksoplazmozlarda müalicəyə ehtiyac olmur. Aşağıdakı hallarda müalicə aparılmalıdır.
- Okulyar toksoplazmoz (gözü zədələyən toksoplazmoz)
- Hamiləlik zamanı keçirilən toksoplazmoz
- Ağırlaşmış toksoplazmoz
- Uzanmış və ciddi adenopatiyalara səbəb olan toksoplazmoz
Müalicə zamanı toksoplazma parazitləri əleyhinə spesifik antibiotiklərdən istifadə edilir. Antibiotiklər toxuma kistlərinə təsir etmir, toxuma kistini məhv etmir. Bu dərmanlar trofozoitlərin replikasiyasını dayandırır, onları da öldürmür.
Qorunma
Ət yaxşı bişirilməli (65˚C`nin üzərində), pasterizə olunmamış süd və çiy yumurta yeyilməməli, göyərti və meyvələr yeyilməzdən öncə yaxşı yuyulmalıdır. Hamiləlik zamanı 1. və 2. trimestrdə yoluxma olarsa tibbi abort, 3.trimestrdə yoluxma olarsa müalicə olunmalıdır.
Məqalənin müəllifi Dr. Mərdan Əliyev