Qaraciyər Xəstəlikləri

Qaraciyər orqanizmdə ən böyük üzv olub, son tədqiqatlara görə 500-dən çox vacib metabolik funksiya yerinə yetirir. Qaraciyər hepatositlərdən (qaraciyərin məxsusi hüceyrələri), portal traktlardan (öd yolları) və sinusoidlərdən (ciblərdən) ibarətdir. Qaraciyər toxuması xaricdən Qlisson kapsulası, qlisson kapsulası isə seroz qişa (visseral peritonla) örtülmüşdür. Hepatositlər ümumi qaraciyər toxumasının 60%`ini təşkil edirlər və çox yüksək regenerasiya qabiliyyətinə malikdirlər.
Qaraciyər ağrı vermir, lakin çox böyüməsi nəticəsində qlisson kapsulası gərilərsə bu kapsula ağrı verə bilər. Çünki qlisson kapsulası əzələ toxumasından təşkil olunmuşdur.
Qaraciyər çox vacib funksiyalar yerinə yetirir. O qanda olan toksinləri, dərman maddələrini, alkoqolu zərərsizləşdirib orqanizmdən çıxarır, qan laxtalanma faktorları sintez edib qanın laxtalanma prosesini təmin edir, müxtəlif proteinlər, karbohidrat və lipidlər sintez edir, həzmdə vacib maddə olan ödü sintez edir, maddələr mübadiləsində iştirak edir və s.
Qaraciyər xəstəlikləri zamanı bu funksiyalarda zəifləmə baş verdiyindən insan orqanizmində zəiflik, halsızlıq, iştahsızlıq, arıqlama, sarılıq və s. kimi pataloji simptomlar baş verir.
Qaraciyər toxumasının xəstəliklərini bir neçə qrupa bölmək olar.


– Hepatozlar – qaraciyərin piy distrofiyası nəticəsində əmələ gəlir. Buna qaraciyər piylənməsi də deyilir.


– Qaraciyərin iltihabi xəstəlikləri – qaraciyərdə müxtəlif faktorların təsirindən iltihab prosesi əmələ gəlir. Qaraciyər iltihabına hepatit deyilir. Hepatitlərin əsas səbəbi viruslardır. Hepatit xəstəliklərinə ən çox hepatit A, B, C, D, E virusları səbəb olur. Sonrakı yerlərdə alkoqol hepatiti gəlir, bu əsasən hər gün spirtli içki içən şəxslərdə müşahidə edilir. Daha sonra autoimmun hepatit var və bu daha çox qadınlarda orqanizmin öz antitellərinin təsirindən baş verir. Və bütün bu iltihabi proseslər bir neçə il sonra qaraciyər sirrozuna gətirib çıxarır.

– Qaraciyər sirrozu qaraciyər toxumasının bərkiməsi, böyüməsi, hüceyrə sayının azalması, yerinə birləşdirici toxumanın gəlməsi və qaraciyər funksiyasının kifayət qədər azalmasıdır.


– Qaraciyərin şiş xəstəlikləri – bunlar birincili də ola bilər ancaq çox hallarda hepatit b hə hepatit c viruslarının təsiri nəticəsində əmələ gəlir.


Qaraciyər xəstəlikləri ilə məşğul olan həkimə hepatoloq deyilir. Hepatoloq qaraciyərin müayinə və müalicəsini həyata keçirir. Bundan başqa qaraciyər xəstəlikləri infeksion (yoluxucu) faktorların təsirindən baş verirsə bunun müalicəsini infeksionistlər aparır. İnfeksionist yoluxucu xəstəliklər üzrə mütəxəssisə deyilir. Yoluxucu xəstəliklərin mütləq bir törədicisi olur. Bu törədici bakteriya, virus (məsələn, hepatit b, hepatit c virusu), göbələk, qurd, parazit ola bilər. Yoluxucu xəstəliklərin törədiciləri bir şəxsdən başqa şəxsə keçib onları yoluxdurur. Buna görə bu xəstəliklər yoluxucudur. İnfeksionst həkimlər yoluxucu xəstəliklərin törədicilərini tapıb onları müalicə edir. İnfeksionistlər həm də hepatit A, hepatit b, hepatit c kimi qaraciyər iltihablanmasına və qaraciyər sirrozuna səbəb olan ciddi xəstəliklərin müalicəsilə məşğul olur.

[instagram-feed]