Koronavirus, karantin, pik nöqtə

Doktor Mərdan Əliyevin kaspi qəzetinə koronavirusla bağlı müsahibəsi


Yaz aylarında COVİD-19 pandemiyası ilə bağlı karantin elan olunanda, düşündük ki, eybi yox, yaya hər şey qaydasına düşər, istirahət edərik, bu günləri unudarıq. Hətta “istidə virus ölür, virus yayda məhv olacaq” yanaşmasını mütəxəssislər təkzib etsə də, insanlar inanmaq istəyirdilər. Yay gəldi, indi də payızla bağlı bədbin notlu proqnozlar səsləndirilir. Bu da azmış kimi, 20 günlük karantin rejiminin nəticəsində ciddi şəkildə enmə qeydə alınmır. Bu da insanlarda narahatlıqla yanaşı, müxtəlif suallar yaradır. Bu tipli suallar ətrafında infeksionist-hepatoloq Mərdan Əliyevlə söhbətləşdik.

– Mərdan bəy, hazırda çox insanı düşündürən bir sual var: 20 gündür ki, sərt karantin rejimi tətbiq olunur, bəs niyə yoluxma dinamikasında ciddi azalma yoxdur?

– Demək ki, bu karantin kifayət etmir. İnsanlar da tam əməl etmir, dövlət tərəfindən görülən inzibati tədbirlər də yetərli deyil. Şəhərdə karantin olduğu hiss edilmir. Küçələrdə insan çoxdur. Fərdi şəkildə riayət edənlər azdır, ona görə nəticədə ciddi dəyişiklik əldə edilmir.

– Hazırda rəsmilər yoluxma sayının azalmamasının səbəbini insanların məsuliyyətsizliyinə bağlayırlar, insanlar isə virusla mübarizədə verilən qərarları effektiv hesab etmirlər. Burda günahkar kimdir?

– İnsanlarda inam azdır. Yoluxanların sayı çoxaldığı üçün insanlarda inam da indi formalaşır. İndi formalaşan inam gecdir. Hazırda da inanmayan çoxdur. Amma bir ay öncə insanların çoxu inanmırdı. Burda günahkar kimin olduğunu demək çətindir. Bəlkə də TƏBİB-dir (Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi), insanları virusun olduğuna inandıra bilmədi. Amma virusa yoluxma sayının azalması üçün maksimum tədbirlər görülür. Bəlkə də maarifləndirmə az oldu deyə, görülən işlər nəticəsini yaxşı vermir. Fərdi şəkildə insanlar tərəfindən karantin və gigiyena qaydalarına əməl olunmasa, dövlət tərəfindən görülən işlərin nəticə verməsi çətindir. Əvvəllər karantin rejimi daha çox effekt verirdi, o zaman hər gün 30-40-50 civarında yoluxma olurdu. Belə düşünürəm ki, karantin qaydalarının yumşaldılmasına tez gedildi. Yoluxmanın artmasının əsasında bu durdu.

– Karantin rejiminin yumşaldılmasına gediləndə, TƏBİB sədri Ramin Bayramlı bir daha sərtləşdirmə olmayacağını dedi. Əslində, insanları arxayın salan da bu oldu.

– Bəli, insanlar düşündülər ki, hər şey öz axarına düşür. Buna görə arxayınlaşma çox oldu.

– Virusla mübarizədə inanmayan qrupun üzərinə çox gedilir. Bizdə inanmayan qrup virusla mübarizəyə təsir edəcək dərəcədədir?

– Bütün cəmiyyətlərdə inanmayan insanlar var. Ancaq inanmayan qrup çox olanda, virusla mübarizəyə mənfi təsir edir. Bizdə də inanmayan çoxdur. İnanmayanların sayı çox olduqca polisə, həkimə qarşı aqressiya yaranır. İnanan bilir ki, polis yoxlayanda, həkim klinikaya maskasız buraxmayanda, onun və başqalarının sağlamlığı üçün edir. İnanmayanlarda proses əksinə gedir. Polis onu saxlayıb yoxlayanda, aqressiv reaksiya verir.
Ancaq inanmayanları da qınamıram. Çünki onları maarifləndirmək lazımdır. Mən inanmadığını deyən bir çox insana izah etmişəm və inanıblar. Ancaq fərdi şəkildə bu cür iş aparmaq da olmur. Bunun mexanizmi qurulmalı və maariflənmə daha yaxşı aparılmalıydı.

– Karantin sözü italyanca quarantine sözündən götürülüb. Bu sözün mənası da 40 gün anlamına gəlir. Son günlər sosial şəbəkədə bu tipdə paylaşımlar qarşıma çıxır. Deyirlər ki, bəs 40 günə niyə bitmir? Bu cür durumlarda karantin nə qədər çəkməlidir?

– O yanaşma tarixdən irəli gəlir və 40 günlük müddət hərbi məsələlər üçün keçərlidir. İndi bizdə də hərbi xidmət öncəsi təqribən 40 günlük karantin olur. Ancaq virusla mübarizədə durum fərqlidir. Hər xəstəliyin öz inkubasiya – karantin dövrü var. COVİD-19-da orta hesabla 14 gündür, amma 21 günə qədər götürülür. 90 faiz hallarda 14 gün ərzində virus özünü göstərir. Elə xəstəlik var ki, onun inkubasiya dövrü 3 gündür, eləsi var ki, 1 aydır. Karantin virusun inkubasiya dövrünə əsasən dəyişir. Burda bir nəfərlə də məsələ həll olunmur, ona görə 40 günlük yanaşma burda keçərli deyil.

– Bizdə daha çox Belarus və Gürcüstan təcrübəsinin effektiv olması ilə bağlı fikirlər səsləndirilir. Müqayisə etsək…

– Belarus yox, amma Gürcüstan təcrübəsini həqiqətən effektiv hesab edirəm. Gürcüstan daha sərt rejim tətbiq etdi. Çünki onlar Avropaya daha yaxındırlar və Avropada virus daha sürətlə yayılırdı. Onlar sərt rejim qoydular, sərhədləri bağladılar, fövqəladə hal elan etdilər. Belə görünür ki, insanları da fərdi şəkildə riayət etdi deyə, nəticə də əldə olundu. Lakin onların tibbinin bizdən yaxşı olduğunu düşünmürəm, əksinədir. Təcili tibbi yardım onlarda bizimki qədər operativ olmadı. Ancaq karantin qaydalarına riayət olundu deyə, nəticə əldə edə bildilər.

– Metro işləmir və marşrut avtobuslarının hərəkət intervalı uzadılıb. Avtobuslarda insanlar arasında məsafə çox olmalı olduğu dövrdə sıxlıq müşahidə edilir. Bu, virusun yayılmasını artırmırmı?

– Yəqin düşünüblər ki, karantindir, az adam çölə çıxacaq, intervalı artıraq. Amma əksinə, intervallar qısaldılmalıdır. Yaxşı nəticə üçün şəhərdə avtobus çox, insan az olmalıdır. Görünən odur ki, ictimai nəqliyyatı tənzimləmək mümkün olmadı. Pik saatlarda ictimai nəqliyyatda insan sıxlığı yenə yaşandı. Belə halda isə, yoluxmamaq mümkün deyil.

– Düşünürdük ki, zaman keçdikcə virus mutasiyaya uğrayacaq və xəstəliyi daha yüngül keçirəcəyik. Ancaq əksini gördük. Cavan insanların, xüsusilə 35-40 yaşda kişilərin virusdan vəziyyətinin ağırlaşması, dünyasını dəyişməsi hallarına çox rast gəlirik.

– İnsanların 80 faizi yoluxacaq, sonra epidemiya sönməyə başlayacaq. Çünki hər kəsdə immunitet yaranacaq. 90 faiz belə ehtimal edilir ki, bir dəfə virusa yoluxan insan ikinci dəfə yoluxmur. Yoluxsa da, yüngül keçirəcək, xəstəxanaya ehtiyac olmayacaq. Çünki immunitet artıq o virusu tanıyır. Böyük ehtimalla proses belə olacaq. Mutasiyaya uğraması ehtimalı çox azdır. İndiyə qədər olan epidemiyalarda da belə hallara rast gəlinməyib. Virusun mutasiyaya uğraması üçün uzun müddət lazımdır. Hər kəs yoluxmalı, pik nöqtəyə çatmalıdır ki, sonra azalma getsin.

– Bizdə hazırkı durum pik nöqtə sayılmır?

– Yox, pik nöqtə odur ki, yoluxma kifayət qədər olur və sonra azalmağa doğru gedir. Karantinin məqsədi də odur ki, pik nöqtəyə çatmanın vaxtını uzadaq və pik nöqtədə virusa yoluxanların sayı az olsun. Karantin olmasa, pik nöqtəyə 15 günə çatarıq, gündəlik yoluxma sayı 3000-5000 arası olar. Hər gün 5000 yoluxmanı hansı səhiyyə sistemi qaldıra bilər? İnsanlar küçədə qalarlar. Ancaq karantin qaydalarına yaxşı əməl olunsa, pik nöqtəyə 15 günə deyil, 2 aya çatılsa və bu zaman pik nöqtədə gündəlik yoluxma sayı 500 olarsa, onda vəziyyəti idarə etmək də nisbətən rahat olar. Gündəlik yoluxma sayı az olanda, keyfiyyətli xidmət göstərilir.

– Viruslu xəstənin nə qədər insanı yoluxdura biləcəyindən də danışaq…­

– İnfeksiyalarda R­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­0 deyilən əmsal var. Bununla bir xəstə insanın özündə olan virusu neçə nəfərə yoluxdurması ölçülür. Bir qızılcalı şəxs 12, ebolaya yoluxmuş adam 2 nəfəri yoluxdura bilir. Yoluxanlar da eyni qayda ilə başqalarını yoluxdururlar. COVİD-19-da bu rəqəm 2-2,5 arasıdır. 2 nəfər 5 nəfəri yoluxdurur. Bu formada sürətlə arta-arta gedir.

– Düşünürdük ki, yayda hər şey düzələcək, indi görünən odur ki, bu fəsil də əldən gedib. Üstəlik, payızla bağlı verilən proqnozlar da bədbin notlardadır.

– Əvvəldən proqnozlaşdırmışdıq ki, yayda yoluxma sayı az olacaq. Çünki kəskin respirator infeksiyalar yay aylarında azalır, payızda artır. Əgər indi qış fəsli olsaydı, yoluxma daha çox müşahidə edilərdi. Bizə xəstələr gəlirlər, ailənin bir üzvündə virus olur, ikisində yox. Qış olsaydı, digər iki nəfər də mütləq yoluxacaqdı. Çünki yayda qapı-pəncərə açıq qalır, ailənin bir üzvü yoluxanda, digəri yoluxmaya bilir. Qışda isə otağın havalandırılması yaydakı kimi getmir və evdəki hər kəs yoluxur. Bu da yoluxma sayına təsir edir. Üstəlik, virusun aktivliyi yayda az olur. Açıq havada virus bir dəqiqədə quruyub ölür. Qışda yoluxma çox olur.

– Yəni nəinki payıza, hələ qışa da hazır olmalıyıq?

– Düşünürəm ki, qışa qədər pik nöqtəyə çatılacaq və azalma gedəcək. Qışda ikinci alovlanma ola bilər, amma onun böyük şəkildə olacağını düşünmürəm.

– Paytaxdan bölgələrə gediş-gəliş qadağasını faydasız hesab edənlər getdikcə çoxalır. Bu qadağa götürülsə, nə dəyişər?

– Yoluxma artacaq. Rayona gedənlərin bir məqsədi istirahətdir. Gedib ailəri, qohum-əqrəbası ilə görüşürlər. Yoluxmaya səbəbdir. Yaxud yasa gedirlər. COVİD-19-un ən çox yayıldığı yerlər yas mərasimləridir. Xüsusilə qadınlar olan hissəsi. Evə çox adam yığılır və deyirlər ki, yasda qapı-pəncərəni açmaq olmaz. Bu məsələni araşdırmışam. Otaqda adam çox olur, üstəlik də havalandırılma aparılmır. Ciddi yoluxma mənbəyidir. Yaxud yas yox, xeyir işə də gedə bilərlər, yenə də çox insanla təmasda olacaqlar. Məqsəd istirahətdirsə, kafe-restoranlara gedəcək, başqa insanlarla təmas yaranacaq. Yoluxdura bilərlər. Yerində olan qərardır, deyə düşünürəm.

– Artıq evdə oturmaqdan bezən insanların sayı çoxalıb. Proses uzandıqca insanların karantin qaydalarına münasibəti adiləşə bilərmi?

– Əvvəllər virus olduğuna inanan insanlar qaydalara daha ciddi riayət edirdilər, yavaş-yavaş burda da boşalmalar oldu. Təbii prosesdir.

– Kütləvi şəkildə yoluxmanın azalmasını hansı dövrdə görə bilərik?

– İndi stabil gedir, 500-550 arası yoluxma olur. Növbəti 2-3 gün ərzində yoluxma sayında 50 civarında azalma qeydə alınarsa, ümid olacaq ki, yayılma zənciri qırıldı, karantin effekt verdi və virus azalmağa doğru gedir. İndi stabil gedir, artma da yoxdur, azalmaya meyillidir. Növbəti günlərdə daha dəqiq biləcəyik.

[instagram-feed]