Hepatit nədir?

Hepatit qaraciyər toxumasının iltihabına deyilir. Bu zaman qaraciyər hüceyrələrində distrofik və nekrotik dəyişikliklər gedir. Stromasında (hüceyrə arası maddədə) iltihabi hüceyrələrin infiltrasiyası baş verir. Yəni iltihab hüceyrələri hüceyrə arası maddəyə toplanır. 28 iyul dünya hepatit günüdür.

 

Virus hepatiti nedir?

Məlum olduğu kimi hepatitlər müxtəlif etiologiyalı ola bilir. Alkoqol, dərman (toksik), autoimmun, virus mənşəli və s. Virus hepatitləri məhz viruslar tərəfindən törədilən hepatitlərə deyilir. Hepatit virusları hepatotrop xüsusiyyətə malik olub demək olar ki, yalnız qaraciyərdə xəstəlik törədirlər. Virus hepatitləri çox geniş yayılmış xəstəliklərdən hesab olunur. Virus hepatitləri bütün hepatitlər içərisində ən çox rast gəlinənidir. Onlar bütün dünyada geniş yayılmışdır. Hazırda dünyada 400 milyon hepatit b və hepatit c xəstəsi vardır.

 

Virus hepatitləri müasir xəstəliklərdəndir?

Xeyr. Virus hepatitlərinin tarixi insanlıq tarixi qədər qədimdir. Onların klinik əlamətləri ilk dəfə hələ hippokrat tərəfindən göstərilmişdir. Törədiciləri isə 20`ci əsrdə tapılmışdır. HBV-1963, HAV-1973, HDV-1977, HCV-1989, HEV-1992`ci ildə tapılmışdır. Hələ də yeni hepatit viruslarının tapılması və öyrənilməsi davam edir.

 

Virus hepatitlərinin hansı növləri var?

Hepatit törədən hepatit viruslarının bir neçə növü var. Bunlar əlifba sırasıyla əlifbanın hərfləriylə adlandırılır (A, B, C, D, E və s.). Hər bir növ özünəməxsus xüsusiyyətlərlə xarakterizə olunan hepatit xəstəliyi törədir. Bu virusların forma və xüsusiyyətləri fərqlidir. B viruslar DNT tərkibli, digər viruslar RNT tərkiblidir. Hepatit A və E virusları çirkli su və qida ilə yoluxduğu halda B, C və D virusları qan vasitəsilə və cinsi əlaqə zamanı yoluxur. A və E virusları xronikləşmir, ildırım sürətli, ağır gedişli hepatit törətmir və xronikləşmədən tamamilə sağalır. B, C və D virusları isə əksərən xronikləşib qaraciyər sirrozuna və HSK (hepatoselulyar karsinoma)` ya gətirib çıxardır.

 

Virus hepatitlərinin hansı klinik formaları var?

Virus hepatitləri kəskin və xronik formalarda olur. Hepatit B`nin həm də qeyri-aktiv daşıyıcılıq forması var. Kəskin forma xəstəlik başladıqdan ilk 6 ay ərzində rast gəlinir. Bundan sonra ya sağalır, ya da xronik formaya keçir. Xəstəlik 6 aydan çox çəkirsə bu xronik forma hesab olunur. Xronik forma illərlə səssiz davam edən xəstəlikdir. Xronik hepatitlərdə əsas şikayət halsızlıq, iştahsızlıq və tez yorulmadandır, bir sıra hallarda xəstələrdə bu şikayətlər də olmur. Xronik hepatitlər az aktiv, aktiv və ildırımsürətli formalarda gedir. Az aktiv xronik hepatitlər ləng gedişli olur və 20-30 il ərzində qaraciyər sirrozuna gətirib çıxardığı halda, aktiv hepatitlər daha tez qaraciyər sirrozuna gətirib çıxarır. İldırımsürətli forma az hallarda görülür və tez bir zamanda qaraciyər sirrozuna gətirib çıxarır.

 

Virus hepatitlərinin hansı simptomları var?

Hepatitlər 70% hallarda özünü göstərmir. Yəni gizlin şəkildə gedir və xəstələr hətta onlarda hepatit olduğunu əksər hallarda bilmir. Belə şəxslər təsadüfi müayinələr zamanı, qan verərkən , cərrahi əməliyyata hazırlıq və digər müayinələr zamanı onlarda hepatit olduğunu bilirlər. Lakin qaraciyərdə piy distrofiyası (qaraciyərin piylənməsi), qaraciyər fermentlərin aktivliyinin artması əksər hallarda müəyyən olunur. Ancaq təqribən 30% xəstələrdə yəni hepatit xəstəsi olan bütün xəstələrin 30%`ində müəyyən hepatit əlamətləri görülür. Onlarda kəskin hepatitlər qızdırma, halsızlıq, iştahanın olmaması, tez yorulma, dəridə səpkilər, oynaqlarda və əzələlərdə ağrı, sağ qabırğaaltı nahiyədə küt ağrılar, sarılıqla gedir. Hepatit c digər hepatitlərə nisbətən yüngül simptomlarla gedir. Sarılıq rast gəlinən xəstələrdə xəstəliyin sağalması ehtimalı daha çox olduğu hesab edilir.

 

Hepatitlərin simptomları nə qədər davam edir?

Ümumilikdə 1 həftədən 3 həftəyə qədər davam edir. Sarılıq 1-2 gün çəkir, sarılıq dövründə qaşınma ola bilər. Bu dövrdə 50-80% hallarda qaraciyərin, 25% hallarda dalağın böyüməsi müşahidə olunur. Hepatit c virusu 25% hallarda, hepatit E virusu bütün hallarda sarılıq verir. Sarılıq dövründən sonra sağalma gəlir. Bu dövrdə klinik sağalma (klinik əlamətlərin itməsi), biokimyəvi sağalma (qaraciyər fermentlərinin və digər qan göstəricilərinin normala qayıtması), viroloji sağalma (virusun və virus antigenlərinin qandan təmizlənməsi, immunitetin əmələ gəlməsi) və histoloji sağalmadan (qaraciyərin zədələnmiş hüceyrələrinin və heceyrəarası maddənin bərpa olunması ) ibarət olmalıdır. Sağalma dövrü olmadıqda kəskin hepatitlər xronik formaya keçir ki, bu da heç də arzuolunan hal hesab olunmur.

 

Hepatitlərin xronikləşmə riski nə qədərdir?

B virusunun səbəb olduğu hepatitlərin xronikləşmə riski 1-5% hesab edilir. Ancaq uşaqlarda bu risk dərəcəsi bir neçə dəfə artır. Hepatit B virusu ilə yoluxanların 70-90%`i inaktiv daşıyıcıdır. D tipində də xronikləşmə riski B`dəki qədərdir. Hepatit C virusunun səbəb olduğu hepatitlər isə 80% hallarda xronikləşir.

 

Hepatitlərin müalicəsi varmı?

Hepatitlər təzə başlayarkən yəni kəskin formada olarkən müalicəyə rahat tabe olur və tamamilə sağala bilir. Buna görə də hepatitlərin kəskin formada aşkar edilməsi böyük avantaj hesab olunur. Lakin tək-tək xəstələr hepatitin kəskin mərhələsində aşkar olunur. Xronik formalarda müalicə etmək və virusu orqanizmdən kənarlaşdırmaq daha çətindir. Hepatit B`ni tamamilə eradikasiya etmək üçün hələ ki spesifik dərmanlar tapılmamışdır. Ancaq qaraciyəri normal vəziyyətdə saxlamaq, virus yükünü azaltmaq, xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq, ömürü uzatmaq üçün müəyyən antivairal və köməkçi dərman vasitələrindən istifadə edilir. Xronik hepatit c xəstəliyini isə müasir antivairal dərmanlarla demək olar ki tam sağaltmaq mümkündür. Digər hepatitlərdən hepatit A və E kəskin gedişli olur, xronikləşmədən tam sağalır. Buna görə bu hepatitlər əlavə çətinliklər və problemlər yaratmır. D hepatiti B və C hepatitləri ilə koinfeksiya şəklində rast gəlinir, müalicəsi həmən hepatitlərlə birgə aparılır.

 

Hepatitlərə qarşı vaksin varmı?

Vaksin hal-hazırda A və B tipləri üçün mövcuddur. Digər hepatitlərə qarşı vaksin hələki hazırlanmamışdır.

 

Hepatitlər barədə əlavə məlumatı haradan almaq olar?

Hepatitlər və onların müalicəsi barədə hər hansı suallarınız varsa bizimlə əlaqə saxlaya bilərsiniz.

[instagram-feed]