Hepatit C nədir?
Hepatit c virusları tərəfindən törədilən və əsasən qaraciyərin iltihabı xəstəliyinə səbəb olan infeksion xəstəlikdir. Çox geniş yayılmışdır. Dünyada təqribən 200 milyon insan və ya dünya əhalisinin 3 %`i hepatit C virusuna yoluxmuşdur. Hər il 3-4 milyon şəxs bu virusa yoluxur. Hepatotrop olduqları üçün demək olar ki, yalnız qaraciyər hüceyrələrinə girib orada yaşayırlar və zamanla qaraciyər hüceyrələrinin zədələnməsinə və dağılmasına səbəb olurlar. Hepatit c virusları yalnız insanları və şimpanzeləri yoluxdurur. 28 iyul dünya hepatit günüdür.
Hepatit C virusu nədir?
Hepatit C virusu kiçik, örtülmüş, tək saplı, müsbət yüklü RNA tərkibli virusdur. Flaviviridae ailəsinin, hepacivirus cinsinin nümayəndəsidir. 7 genotipi, 70`in üzərində alttipi var. Bu genotiplər də bir neçə subtipə ayrılır. ABŞ`da 70 % GT 1, 20 % GT2 və təqribən 1 % nisbətində digər genotiplər yayılmışdır. GT1 həm də Avropa və cənubi Amerikada geniş yayılmışdır. Virus hissəciklərinin yarı ömrü qan serumunda təqribən 3 saatdır və müddət 45 dəqiqəyə qədər qısala bilər. Yoluxmuş şəxsdə hər gün təqribən 1012 virus hissəciyi əmələ gəlir. Qaraciyərdə replikasiya olunan virus limfositlərdə də çoxala bilər. Hər il 350.000 şəxs bu virusla əlaqəli xəstəliklərdən dünyasını dəyişir. Hepatit c virusunun mövcudluğu barədə ilk dəfə 1970`ci illərdə fikir bildirilmiş, 1989`cu ildə sübut edilmişdir. Ən çox yayılan ölkələr Misir (22%), Pakistan (4.8%), Çin (3.2%).
Hepatit c xəstəliyinin hansı formaları var?
Hepatit c kəskin və xronik olmaqla iki yerə ayrılır. Kəskin forma 6 aya qədər davam edir, bundan sonra ya sağalır ya da xronik formaya keçir. Xronik forma virusun orqanizmdə uzun müddət qalması, ləng gedişli olmasıyla xarakterizə olunur, ciddi qaraciyər problemlərinə, qaraciyər sirrozuna və kanserinə gətirib çıxara bilir.
Xroniki hepatit C nədir?
Virusa məruz qalanların təqribən 80 %`ində xroniki infeksiya inkişaf edir. Xroniki infeksiya diaqnozu virus replikasiyası ən az 6 ay müddətində davam edənlərdə qoyulur. Xronik hepatit c əsasən simptomsuz gedir, yəni gizli şəkildə davam edir və heç bir əlamət vermir. Ancaq qaraciyərin fibrozlaşmasına, bərkiməsinə səbəb olur və bir neçə il sonra qaraciyər sirrozuna və kanseromatozuna gətirib çıxara bilir. Xronik hepatit c bəzi hallarda yorğunluq, halsızlıq və koqnitiv (psixi) pozğunluqlar verə bilir. Qaraciyər enzimləri 7-53 % hallarda normal hüdudlarda olur.
Kəskin hepatit c ilə xronik hepatit c xəstəliyi arasında fərq nədədir?
Xəstəlik yeni başlayanda kəskin olur. Kəskin xəstəlik qısa müddətli olur. Kəskin hepatit c xəstəlik başladıqdan ilk 6 ay ərzində davam edir. Bu müddət ərzində o ya sağalır ya da xronik formaya keçir. Kəskin xəstəliklər qısa müddət davam edir, orqanizm kəskin reaksiya verir və xəstəliyi kənarlaşdırmağa çalışır. İmmun sistemin gücü çatırsa onu kənarlaşdırır əks halda viruslar özünə yer edib orqanizmdə yerləşir və uzun müddətli xroniki prosesə başlanğıc verir. Hepatit c xəstəliyi əksər hallarda xronik mərhələdə aşkar olunur. Kəskin mərhələdə əsasən gizli keçdiyi üçün xəstələr onu hiss etmirlər.
Kəskin hepatit c virus infeksiyasının xronikləşmə riski nə qədərdir?
Kəskin hepatit c hallarının yalnız 15-20 %`i xronikləşmədən tamamilə sağalır. Digər hallarda xronikləşib ləng, uzun gedişli xronik xəstəliyə çevrilir.
Hepatit C necə yoluxur?
Hepatit C qandan qana kontakt ilə yoluxur, ilkin olaraq intravenoz dərman inyeksiyası, zəif sterilə olunmuş tibbi alətlər və qan köçürmə ilə yoluxur. İnkişaf etmiş ölkələrdə əsas yoluxma yolu vena daxili inyeksiyalar, inkişaf etməkdə olan ölkələrdə əsas yoluxma yolu qan köçürmə və təhlükəsiz olmayan tibbi prosedurlardır. Hepatit C virus infeksiyasının bütün mümkün yoluxma yolları aşağıdakılardır.
– Qan və qan preparatlarının köçürülmələri
– Hemodializ
– Cərrahi əməliyyatlar
– Diş çəkmə, ginekoloji müayinə və müalicələr, dərman inyeksiyaları və digər tibbi manipulyasiyalar zamanı
– Venadaxili inyeksiyalar (venadaxili dərman aludəçiləri)
– Yoluxmuş anadan körpəyə (doğuş zamanı)
– Ülgüc, diş fırçası, manikür, pedikür əşyaları və yoluxmuş şəxsin qanıyla təmasda olan digər iti alətlərlə
– Cinsi yolla
– Ev şəraitində
– Digər (intranazal kokain istifadəsi, döymələr, akupunktur və d.)
Hepatit C qida və su ilə yoluxa bilərmi?
Xeyr, hepatit c qida və su ilə yoluxmur.
Hepatit C`li ana körpəsinə süd verə bilərmi?
Süd vermə ilə yoluxma sübut olunmamışdır. Buna baxmayaraq əgər anada döş gilələrində yara və ya qanama varsa ya da virus yükü yüksəkdirsə bundan imtina etməsi məsləhət görülür.
Hepatit C`nin cinsi əlaqə ilə yoluxma ehtimalı nə qədərdir?
Cinsi əlaqə ilə hepatit C`nin yoluxma ehtimalı var ancaq belə yoluxma riskinin çox aşağı olduğu düşünülür. Hepatit C`nin cinsi yolla yoluxması il ərzində 0.23% olduğu göstərilmişdir. Ancaq cinsi yolla yoluxan hər hansı xəstəliyin, sidik kanalında və vaginada zədələnmələrin olması, cinsi partnyorların sayının çox olması bu riski dəfələrlə artırır.
Hepatit C`nin yoluxmuş anadan yenidoğulana keçmə riski nə qədərdir?
Bu risk elə də çox deyil. Ancaq bu ananın immun sisteminin gücündən, ananın qanında virus miqdarının dərəcəsindən asılıdır. Ananın qanında HCV RNA 1myln iu/ml`dən çox olarsa bu risk artmaqdadır. Ümumilikdə bu riskin 3-5 % arası olduğu göstərilir. ABŞ`da hər 100 yenidoğulan körpənin 6`sında yoluxma qeydə alınır. Xəstəliyin anadan körpəyə doğuş zamanı doğuş yollarından yoluxması ehtimal olunur. Doğuş müddətinin uzanması yoluxma riskini xeyli dərəcədə artırır.
Hepatit C ev daxilində digər şəxslərə yoluxa bilərmi?
Bəli, ancaq bu çox nadir hallarda baş verə bilər. Əgər yoluxmuş şəxsin qanı sağlam şəxslərin dərisi ilə təmasda olarsa yoluxma mümkündür. Ancaq ümumilikdə hepatit c virus infeksiyası yemək qabları , çay bardaqları, qida və su ilə, öpüşmək, qucaqlaşmaq, əl sıxmaq, öskürmək, asqırmaqla yoluxmur.
Hepatit c ağcaqanadlar, milçəklər və yaxud digər həşəratlarla keçə bilərmi?
Xeyr, hepatit c`nin hər hansı həşəratla yoluxması faktı bu vaxta qədər qeydə alınmamışdır.
Hepatit c virusu ətraf mühitdə nə qədər müddət sağ qalır?
Bu viruslar orqanizmdən kənarda otaq temperaturunda 3 həftəyə qədər sağ qala bilir. Buna görə də əgər xəstə şəxsin qanı hər-hansı yerə dağılarsa hətta qurumuş olsa belə əlcək geyinərək, suyla durulaşdıraraq ehtiyyatla təmizləmək lazımdır.
Kəskin hepatit c`nin simptomları hansılardır?
Xəstəliyin gizli dövrü 2-12 həftədir. Bu o deməkdir ki, insan virusla qarşılaşdıqdan 2-12 həftə sonra xəstəlik başlayır. Bu müddət ərzində isə heç bir əlamət olmur. Xəstələrin 85 %`ində heç bir simptom olmur. Buna görə də xəstələr onlarda hepatit c virusunun olmasından xəbərsiz olurlar. Qalan 15 % xəstədə aşağıdakı simptomlar görülür. Qeyd edək ki, hepatit c infeksiyasının simptomları digər hepatitlərdən zəif olur və əsasən mülayim və silinmiş şəkildə gedir.
– Qızdırma
– Sarılıq
– yorğunluq
– iştahsızlıq
– mədə bulanması
– Qusma
– Çəki azalması
– Qarın nahiyəsində ağrıların olması
– Əzələ və Oynaq ağrıları
– Sidiyin tündləşməsi
– Nəcisin rənginin açılması
Bu simptomlar 12 həftəyə qədər davam edə bilər. Sidiyin tündləşməsi, nəcisin rənginin açılması sarılıqla əlaqədardır. Sarılıq simptomlu xəstələrin 25%`ində görülür. Kəskin hepatit c`nin gedişi dəyişkəndir. ALT fermenti səviyyələrində yüksəlmələr və bu səviyyələrdə müəyyən dalğalanmalar hepatit c virus infeksiyasının ən önəmli özəlliyidir.
Xronik hepatit c`nin hansı simptomları var?
Bir çox hallarda sirroz inkişaf edənədək hər hansı bir simptom görülməyə bilər. Simptomlu hallarda əsasən xəstələrdə halsızlıq, tez yorulma, oynaq və əzələ ağrıları rast gəlinir. Halsızlıq xronik hepatit c hallarının 53%`ində qeydə alınır, onların 19%`ində fibromialgiya (əzələ ağrılar), 20%`ində artralgiya (oynaq ağrıları) rast gəlinir.
Xronik hepatit c xəstəliyinin hansı ağırlaşmaları var?
Xronik hepatit c xesteliyi ləng gedişli proses olub uzun müddət davam edir, qaraciyərə məxsus və qaraciyərdən kənar müxtəlif ağırlaşmalar verir. Xronik hepatit c dünyada qaraciyər sirrozunun ən önəmli səbəblərindən biridir. Amerikada və Avropada qaraciyər transplantasiyasına səbəb olan ən əsas faktordur. Sirroz inkişaf etmə riski 25-30 il ərzində 5-25% aralığındadır. Xronik hepatit C xəstəliyi bir neçə il ərzində qaraciyər piylənməsi, fibroz, sirroz, hepatoselulyar karsinoma və qaraciyər çatışmazlığı kimi ağırlaşmalara gətirib çıxara bilir. Bu müddət fərdi xüsusiyyətlərdən, alkoqol qəbulundan, dərman qəbulundan, yanaşı xəstəliklərdən və digər səbəblərə bağlı olur. Hepatit C`nin qaraciyərdən kənar ağırlaşmaları da var. Bunlara qarışıq krioqlobulinemiya (kiçik və orta ölçülü qan damarlarının iltihabı), autoimmun pozğunluqlar, trombositopeniya, insulin rezistentliyi və digər ağırlaşmaların aiddir.
Sirroz nədir?
Qaraciyər orqanizmdə ən böyük vəzili orqandır və 500`dən çox funksiya yerinə yetirir. Qaraciyər sirrozu zamanı onun hüceyrələri tədricən dağılıb sıradan çıxır və onların yerini birləşdirici toxuma əvəz edir. Qaraciyər bərkiyir və funksiyası kifayət qədər zəifləyir. Funksinal aktivliyi zəiflədiyi üçün insanda zəiflik, halsızlıq, iştahanın itməsi, arıqlama, sarılıq, əsəbilik, hepatik ensefalopatiya və s. əmələ gəlir. Bərkidiyi üçün onda qan dövranı zəifləyir və hipertenziya yaranır. Bununla əlaqədar qarın boşluğuna assitik mayenin yığılması və mədə və qida borusu venalarının varikozu əmələ gəlir ki, bu da həyati təhlükəli qanaxmalara səbəb ola bilər. Sirroz hepatit C mənşəlidirsə antiviral müalicəyə mütləq göstəriş var. Çünki səbəb təcili şəkildə aradan qaldırılmalıdır. Hepatit C virusları dünyada 27% sirrozun, 25% hepatoselulyar karsinomanın səbəbidir. Sirroz 10-30 % hepatit c`li xəstədə 30 ildən sonra əmələ gəlir. Hepatit c`li şəxslərdə ifrat alkoqol qəbulu sirrozun inkişaf riskini 100 qat artırır. Sirroz inkişaf edənlərdə hepatoselulyar karsinomanın inkişaf etmə riski isə 20 dəfə artır. Hepatit B, HİV və digər hepatitlərlə koinfeksiyalarda da sirroz inkişaf etmə riski çox olur.
Hepatit c virusunun diaqnostikasında hansı testlər yoxlanılmalıdır?
Hepatit c virusu testlərinin yoxlanması orqanizmin yoluxma dərəcəsini, immun sisteminin vəziyyətini, qanda virusun sayını, virusun növünü, qaraciyərin zədələnmə dərəcəsini öyrənmək eləcə də müalicə və proqnozu müəyyən etmək üçün vacibdir. Bunun üçün aşağıdakı testlərdən istifadə olunur.
1. Seroloji testlər – hepatit c virusunun antitellərinin qan serumunda təyin olunması. Günümüzdə 3`cü nəsil ELİSA (İFA) yöntəmi istifadə olunur.
2. Viroloji testlər – HCV RNA`sını təyin etmək və ölçmək, virusun genotipinin təyin olunması. HCV RNA yoluxduqdan 1-3 həftə sonra müsbət nəticə göstərir.
3. Qaraciyərin zədələnmə dərəcəsini və funksional aktivliyini bilmək üçün qaraciyərin fibrozunun təyin olunması, qaraciyər fermentlərinin yoxlanması, qan sayımının aparılması və s.
Müalicədən sonra HCV RNA neqativ çıxdı, İFA analizində HCV müsbət çıxa bilərmi?
Bəli. İFA testində HCV hepatit viruslarına qarşı orqanizmdə yaranan antitelləri göstərir. Müalicədən sonra PCR analizində HCV RNA mənfi çıxıbsa bu virus replikasiyasının daha olmadığını və xəstənin sağaldığını göstərir. İFA testinin göstərdiyi HCV antitelləri isə tədricən azalıb 5-20 il sonra yox olur. Qeyd edək ki, Anti HCV`nin hepatit c virusuna qarşı qoruyuculuğu yoxdur.
Qaraciyər biopsiyası nə üçün edilir?
Qaraciyərin zədələnmə dərəcəsini təyin etmək üçün qaraciyər toxumasından biopsiya materialı götürülür. Görünən tipik dəyişikliyə əsasən qaraciyərin zədələnmə dərəcəsi, sirrozun varlığı və s. haqqında fikir yürüdülür. Bu müayinə üsulunun bəzi çatışmazlıqları olduğu, qaraciyərin məhdud sahəsi haqqında informasiya verdiyi və müəyyən risklərinin də mövcud olduğu üçün hal-hazırda populyar müayinə üsulu deyil. Bunu əvəz edə bilən qan testləri və fibroscan müayinə üsulu olduğu və adı çəkilən üsulların heç bir əlavə riski olmadığı üçün son vaxtlar bu üsullardan xüsusən də fibroscan müayinə üsulundan geniş istifadə edilir.
Hepatit c xəstələri özlərini necə qorumalıdırlar? Hansı qaydalara əməl etməlidirlər?
Belə xəstələrin qanında hepatit c virusları olur və onlar qaraciyər hüceyrələrinin daxilində yaşayıb qaraciyərə zərər vururlar. Buna görə də belə şəxslər ilk növbədə qaraciyərə xeyirli qidalar qəbul etməlidirlər, zərərli qidalardan kənar durmalıdırlar ki, qaraciyər əlavə faktorların da təsirinə məruz qalmasın. Hepatit c xəstəliyi olan şəxslərdə A və D vitaminlərinin defisiti aşkar olunmuşdur. A və D vitaminləri orqanizmdə interferonun normal təsir göstərməsi üçün lazımdır. İnterferonlar orqanizmdə viruslarla mübarizə aparan və onları məhv edən maddələrdir. Buna görə də belə xəstələr keyfiyyətli, bol vitaminli qidalar yeməlidirlər. Meyvə və tərəvəzlərdən daha çox istifadə etməlidirlər. Alkoqoldan uzaq durmaq lazımdır. Spirtli içkilər qaraciyərdə neytrallaşdırıldığına görə bu içkiləri qəbul edənlərdə qaraciyər xeyli dərəcədə yüklənir və onun zədələnməsinə şərait yaranır. Bundan əlavə bir sıra dərmanlar var ki, onlar da qaraciyər tərəfindən zərərsizləşdirilir. Bu dərmanların da qəbul olunması qaraciyərə zərər vura bilir. Buna görə dərman qəbul edərkən onların qaraciyərə nə dərəcədə zərərli olub olmaması baxımından hepatoloqla məsləhətləşmək lazımdır. Bundan əlavə müəyyən dövrdən bir qaraciyər testlərini yoxlamaq, həkim mütəxəssislə məsləhətləşmələr aparmaq, qaraciyərin ümumi vəziyyətini nəzarətdə saxlamaq lazımdır.
Hepatit c`nin müasir müalicəsi necə aparılır?
Hepatit c`nin müalicəsində istifadə olunan interferon və ribavirin kombinasiyası artıq tarixdə qaldı deyə bilərik. İstifadəsinin rahat olması və nisbətən effektiv olması səbəbindən interferonun peqilə olunmuş formasından (peqinterferon) daha çox istifadə olunurdu. Lakin Peqinterferon-ribavirinlə müalicənin uzun müddətli olması, bahalı olması, əlavə təsirlərinin çox olması, xəstələr tərəfindən pis qəbul olunması, bəzi xəstələr tərəfindən ümumiyyətlə qəbul oluna bilməməsi və effektivliyinin az olması (məsələn genotip 1`də 50%`in altında) səbəbindən yeni effektiv dərmanların tapılması zərurətə çevrilmişdi. Beləliklə yeni birbaşa təsirli virus əleyhinə dərmanlar sınaqdan keçirildi və istifadəsinə başlanıldı. Hazırda hepatit c xəstəliyinin mualicəsi ən yeni dərmanlarla aparılır. Bunlardan ən effektliləri və ən məşhurları ABŞ`nin Gilead şirkəti tərəfindən istifadəyə buraxılan Sovaldi brendi altında sofosbuvir tərkibli və Harvoni adı altında Ledipasvir+Sofosbuvir tərkibli dərmanlar, ABŞ`nin başqa bir şirkəti tərəfindən istifadəyə verilən Daclatasvir tərkibli dərmandır. Ledipasvir və Sofosbuvir tərkibli dərmanlar haqqında hepatit c dermanları linkindən ətraflı oxuya bilərsiniz. Bu xəstəliklərin müalicəsində istifadə olunan digər birbaşa təsirli dərmanlara Telaprevir, Baseprevir, Simeprevir, Asunaprevir və s. aiddir. Yuxarıdakı dərmanlar barədə hepatit c dərmanları linkindən ətraflı məlumat ala bilərsiniz. Hepatit c`nin müasir müalicəsində adı çəkilən dərmanların kombinasiyasından və bəzən ehtiyac olarsa ribavirinlə də kombinasiyasından istifadə olunur. Hepatit c`nin müalicəsində dərman seçimi, onların effektivliyi və müalicənin müddəti hepatit c virusunun genotipi, qaraciyərdə fibrozun dərəcəsi, əvvəllər interferonla müalicə alıb almaması, koinfeksiyanın olması və s. kimi faktorlardan asılıdır. Məsələn, əvvəllər interferonla müalicə almayan, qaraciyərində fibroz inkişaf etməyən və yaxud bu fibroz aşağı dərəcədə olan, qanında virus yükü az olan hepatit c`li xəstələr üçün bunlar müalicə zamanı üstünlük hesab olunur. Yeni dərmanlarla 3 aylıq müalicə ilə 95%`in üzərində yaxşı nəticə alınır. Yəni 100 xəstədən 95`i tamamilə sağalır. Yeni dərmanların üstünlüyü həm də onların qəbulunun rahat olmasıdır. Xəstələr gündə cəmi bir dəfə dərman qəbul etməklə virus orqanizmdən kənarlaşdırılır və xəstəlik tamamilə sağalır. Deyildiyi kimi bu müddət və sağalma faizi genotipdən və göstərilən digər amillərdən asılı olaraq bir qədər dəyişkənlik göstərə bilir. Hepatit c`nin müalicəsində istifadə olunan müasir virus əleyhinə dərmanlar haqqında ətraflı məlumatı hepatitcmualice.com tibbi blogundan oxuya bilərsiniz. Hepatit C mənşəli qaraciyər sirrozunda da antiviral müalicə mütləq göstərişdir. Ancaq sirrozun irəli mərhələlərində və qaraciyər kanseri inkişaf edən hallarda qaraciyər transplantasiyasına ehtiyac var.
Hepatit c`yə qarşı vaksin mövcuddurmu?
Vaksin yoxdur. Hal-hazırda vaksin yalnız hepatit A və Hepatit B üçün mövcuddur.
HİV və Hepatit c koinfeksiyası nədir?
HİV və Hepatit C koinfeksiyası həm HİV həm də Hepatit C ilə yoluxmadır. Yəni şəxsdə həm HİV həm də Hepatit C xəstəliyi varsa buna koinfeksiya deyilir. Bu xəstəliklərin törədici virusları bir-birinə oxşar viruslar olduğundan onların yoluxma yolları da oxşardır və buna görə bu xəstəliklərin koinfeksiyasına daha çox rast gəlinir. Təsadüfi deyil ki, venadaxili dərman inyeksiya edən HİV`li şəxslərin 50-90%`ində hepatit c virus infeksiyası da vardır.
Hepatit c xəstəliyi barədə əlavə məlumatı haradan almaq olar?
Hepatit c haqqında hər hansı suallarınız varsa bizimlə əlaqə saxlaya bilərsiniz. Cəmiyyətə zərrə qədər də olsa faydası toxunanlar xoşbəxt insanlardırlar. Biz sizin üçün burdayıq. Əlavə suallariniz üçün (050) 273-93-05 telefon nömrəsi ilə birbaşa həkim Hepatoloq Mərdan Əliyev ilə əlaqə saxlaya bilərsiniz.
Qeyd: bu site`da olan rəsm, mətn və digər məlumatlar www.yoluxucuxestelikler.com`a məxsusdur və götürülə, kopyalana, çoxaldıla və istifadə oluna bilməz.