Hepatit B nədir?

Hepatit B DNT tərkibli hepadnaviruslar ailəsinə məxsus hepatit B virusları tərəfindən törədilən qaraciyərin infeksion xəstəliyidir. Yəni xəstəliyin törədiciləri var və o insandan insana yoluxur. Hepatit qaraciyərin iltihabına deyilir.

 

Hepatit b`nin törədiciləri nədir və onların quruluşu necədir?

Hepatit b`infeksiyasının törədiciləri viruslardır. Bu viruslar hepadnaviruslar ailəsinə məxsus olub diametri 42 nm`dir. Viruslar xaricdən protein qişa ilə örtülmüşdür. Bu protein qişa antigen xüsusiyyətlidir və səthi antigen (HBsAg) adlanır. Bu antigen hepatit b virus infeksiyasının diaqnostikasında istifadə edilir. Virusun daxilində nüvə var və bu nüvə kapsul ilə (nukleokapsid) əhatə olunmuşdur. Nukleokapsid də antigen xüsusiyyətlidir və HBcAg və HBeAg adlı iki müxtəlif antigendən ibarətdir. Nüvənin daxilində DNT və DNT polimeraza yerləşir. Bu genom 4 gendən ibarətdir, bu genlər xarici qişa və nüvə qişası proteinlərini, DNA polimerazanı xə X proteinini (viral RNA transkripsiyasının aktivatoru) kodlaşdırır.

 

Hepatit B xəstəliyinin hansı formaları vardır?

Hepatit B xəstəliyi kəskin, xronik və qeyri-aktiv daşıyıcılıq formalarında rast gəlinir.

  • Kəskin forma 6 aya qədər davam edir ya sağalır ya da xəstəliyin digər iki variantından birinə başlanğıc verir.
  • Xronik forma uzunmüddətli prosesdir, 6 aydan artıq davam edirsə xroniki xəstəlik hesab edilir.
  • Qeyri-aktiv daşıyıcılıqda virus mövcud olur lakin xəstəlik inkişaf etmir.

Belə şəxslər əksər hallarda ömürlərinin sonuna qədər ciddi qaraciyər problemləri ilə qarşılaşmırlar. Lakin bəzi ədəbiyyatlarda qeyri-aktiv daşıyıcılıq formanın da qaraciyər xərçənginə transfarmasiya olunması barədə bəzi məlumatlar var.

 

Hepatit B necə yoluxur?

Hepatit B virusu insan orqanizminin müxtəlif mayeləri ilə təmas yoluyla yalnız insandan insana yoluxur. Əsas yoluxma materialı qandır lakin ağız suyu və sperma ilə yoluxma da mümkündür. Bundan əlavə virus ətraf mühitdə uzun müddət sağ qala bildiyi üçün çirklənmiş müəyyən əşyalarla (virusla bulaşmış dəsmal, ülgüc, diş fırçası və s.) da yoluxa bilər. Hepatit B`nin üç əsas yoluxma yolu vardır:
1. Qan vasitəsilə – yoluxmuş insanın qanı digərinin qanıyla təması zamanı
2. Doğuş zamanı anadan yenidoğulana
3. Cinsi əlaqə zamanı – viruslar cinsi orqanların selikli qişaları vasitəsilə kişidən qadına və qadından kişiyə yoluxur
Ümumilikdə hepatit B virusunun bütün mümkün yoluxma yolları aşağıdakılardır:
* İynə vurma, diş çəkmə, ginekoloji müayinələr və əməliyyatlar və digər tibbi manipulyasiyalar.
* Doğuş zamanı yoluxmuş anadan yeni doğulmuşa
* Qanköçürmələr, infeksiyalı qanın açıq yaraya və gözə düşməsi
* Cinsi əlaqə zamanı
* Paylaşılan bəzi əşyalarla (ülgüc, üqırxan aparat, diş fırçaları və s.)
* Manikür, pedikür, təraş, tatuirovkalar və s. ilə

 

Hepatit B qida ilə yoluxa bilərmi?

Xeyr. Hepatit B virus infeksiyası qida və su ilə yoluxmur lakin uşaqların xəstə şəxslərdən yarıçeynənmiş qidaları alıb yeməsilə yoluxma hallarına rast gəlinməsi barədə bəzi ədəbiyyatlarda rast gəlinir. Ümumiyyətlə hepatit B yemək qabları, öpüşmək, qucaqlaşmaq öskürmək, asqırmaqla və anaların körpələrinə süd verməsilə yoluxmur.

 

Əgər şəxs yaxın saatlar ərzində hepatit B virusu ilə təmasda olduğunu düşünürsə nə etməlidir?

24 saat içində Hepatit B imunoglobulini və yaxud hepatit B vaksini vurdurmalıdır.

 

Hepatit B virusu ətraf mühitdə nə qəddər müddət sağ qala bilir?

Hepatit B virusu orqanizmdən kənarda otaq temperaturunda 7 gün sağ qala bilir. Buna görə də infeksiyalı qanla çirklənən yer hətta o qan quruyubsa da 7 gün ərzində tam yoluxucudur. Buna görə də əlcək geyinib o qanı ehtiyyatla təmizləmək lazımdır.

 

Əvvəllər xəstəliyi keçirib sağalmış şəxslər yenidən yoluxa bilərmi?

Xeyr. Belə şəxslərdə ömürlük antitellər əmələ gəlir. Antitellər orqanizmin bu viruslara qarşı sintez etdiyi maddələrdir. Bu maddələr hepatit B virusu ilə birləşib onu məhv edirlər. Bu viruslara qarşı əmələ gələn antitellər insanın qanında ömür boyu qaldığı üçün insan bu virusla yenidən yoluxmur.

 

Hepatit B virusları bu xəstəliyi necə törədir?

Hepatit B virusları əvvəlcə qana daxil olur (selikli qişalardan, dəridən və yaxud birbaşa). Qanla müxtəlif orqanlara gətirilir. Hepatotrop xassəli olduğu üçün qaraciyərin səthinə çökürlər. Bundan sonra qaraciyər hüceyrələrinə daxil olurlar. Hepatit B virusunun antigenlərindən biri olan səthi antigen qaraciyər hüceyrələrinin membranına birləşir. Hepatit B viruslarının özləri qaraciyərə birbaşa zədələyici təsir göstərmirlər. Lakin orqanizmin immun hüceyrələrinin orqanizmə daxil olan viruslara qarşı fəaliyyəti nəticəsində qaraciyər hüceyrələri zədələnməyə başlayır və iltihab əmələ gəlir. Orqanizmin immun hüceyrələri virusları qaraciyər hüceyrələrindən kənərlaşdırmaq üçün səfərbər olunur. Sitopatik T hüceyrələri yoluxmuş qaraciyər hüceyrələrinə təsir göstərir və hepatositlər zədələnir. Bundan sonra hepatit B viruslarının səthi və digər antigenlərinə qarşı antitellər əmələ gəlir. Antigen-Antitel kompleksləri əmələ gələndən sonra qızdırma yüksəlir, dəridə səpkilər, oynaq ağrıları meydana çıxır.

 

Hepatit B xəstəliyinin hansı simptomları var?

Hepatit B xəstəliyinin simptomları müxtəlifdir. Bu simptomlar xəstələrin üçdə birində özünü göstərir. Xəstələrin təqribən üçdə iki hissəsində hepatit b simptomsuz gedir yəni heç bir əlamətlə özünü göstərmir və xəstələrin özlərinin də bundan xəbəri olmur. Xəstəliyin gizli dövrü 6 həftədən 6 aya qədər davam edə bilər ancaq orta hesabla 90 gün çəkir. Simptomlu hepatit B xəstələrində ümumilikdə aşağıdakı əlamətlər müşahidə olunur.
– Sarılıq, sidiyin tündləşməsi, nəcisin rənginin açılması
– Qızdırma
– İştahanın zəifləməsi, ürək bulanma, qusma
– Qarın nahiyəsində ağrılar
– Yorğunluq
– Oynaq ağrıları
– Dəridə səpgilər
Yuxarıdakı əlamətlərdən bir neçəsi və ya hamısı belə xəstələrdə görülə bilər və bu əlamətlər 1-3 həftə arası davam etməkdədir.

 

Hepatit B hansı yaş qruplarında əmələ gəlir?

Statistik olaraq hepatit B xəstəliyi əsasən 30 yaşdan böyüklərdə və 1 yaşdan kiçiklərdə rast gəlinir.

 

Hepatit B virusuna məruz qaldıqdan nə qədər müddət sonra hepatit B inkişaf edir?

Hepatit B xəstəliyinin inkubasiya dövrü 6 həftədən 6 aya qədərdir. Yəni virusla qarşılaşdıqdan sonra 6 həftədən 6 aya qədər müddətdə xəstəlik inkişaf edə bilər. Lakin bu dövr orta hesabla 90 gün çəkir. İnkubasiya dövri infeksion xəstəliklərdə mikroba qarşı orqanizmdə antitellərin əmələ gəlməsi müddəti ilə əlaqədardır. Antitellər formalaşdıqdan sonra antigen-antitel kompleksinin əmələ gəlməsi orqanizmdə serum xəstəliyinə bənzər əlamətlərin meydana çıxmasına səbəb olur. Bu əlamətlərə qızdırma, dəridə səpgilər, artrit, artralgiyalar, vaskulit və s. aiddir.

 

Kəskin hepatit b infeksiyasının simptomları nə qədər davam edir?

Adətən 1-3 həftə arası davam edir. Bundan sonra xəstəlik ya sağalır ya da xroniki formaya keçir. Hər iki halda simptomlar yox olur.

 

Xroniki Hepatit b xəstəliyinin simptomları nədir?

Xroniki hepatit b virus infeksiyasının klinik əlamətləri çox dəyişkəndir. Bir qrup xəstədə ciddi qaraciyər funksiya pozğunluqları baş verməyənədək heç bir simptom müşahidə olunmur. Bir sıra hallarda hətta ciddi qaraciyər pozğunluqları başlayanda da qaraciyər əlamətləri özünü göstərmir. Baxmayaraq ki, qan testləri xeyli dərəcədə anormallıqlar göstərir. Ümumilikdə belə xəstələrdə tez yorulma, iştahanın zəif olması, yağlı yeməklərin pis qəbul olunması, sağ qabırğa altında küt ağrılar rast gəlinə bilir. Labarator-instrumental müayinələr zamanı qaraciyərdə piylənmə, transaminazalarda dalğavarı artmalar müəyyən olunur. Bəzi xəstələrdə bütün ömür boyu ciddi qaraciyər problemləri olmadığı halda bəzi xəstələrdə qısa müddətdə ağır qaraciyər xəstəliklərinə gətirib çıxarır. Xronik hepatit b`li xəstələrin 15-25%`ində ciddi qaraciyər xəstəlikləri qaraciyərin sirrozu və xərçəngi inkişaf edir.

 

Hepatit b`nin diaqnostikasında hansı testlər yoxlanılmalıdır?

Xəstəliyin mərhələsindən və ağırlıq dərəcəsindən asılı olaraq aşağıdakı müayinələrin bir neçəsi istənə bilər.
Hepatit B-nin diaqnostikasında lazım olan əsas seroloji testlər bunlardır: HBsAG, HBeAG, anti-HBs, Anti-HBc, Anti-HBe.
HBV DNA kəmiyyət testi qanda virus miqdarını ölçmək üçün lazımdır. Kəskin hepatit b xəstəliyi zamanı qanda HBsAg`dən 3 həftə qabaq müsbət olur. Qaraciyərin funksiya pozğunluğunu və zədələnmə dərəcəsini müəyyən etmək üçün total və birləşmiş bilirubin, fermentlər, protrombin vaxtı, qanda albumin və qlobulinlər və s. yoxlanılmalıdır.
Qaraciyərin fibroz dərəcəsini və ya sirrozun olub olmamasını müəyyən etmək üçün biopsiya, fibrotestlər, fibroscan müayinələrindən biri mütləq olunmalıdır.

 

Hepatit b`nin antigenləri və antitelləri hansılardır?

Antigenlər virusun səthində və digər hissələrində olan maddələrdir. İnsan immun sistemi həmin antigenlər vasitəsilə virusu tanıyır və orqanizmdən kənarlaşdırmağa çalışır. Antigen orqanizmə daxil olduqda immun sistemi onun yad maddə olduğunu həmən görür və neytrallaşdırmaq üçün antitellər hazırlamağa başlayır.

Hepatit B virusunun antigenləri :
HBsAg. İlk dəfə Avstraliyalı aborigenin qanında tapıldığı üçün avstraliya antigeni adı ilə məşhurdur. Hepatit b virusunun səthində olan antigen xassəli proteindir. Kəskin və xroniki hepatit b virusu infeksiyası zamanı qanda tapılır. İnsan orqanizmi normal halda HBsAg`ə qarşı antitellər sintez edir. HBsAg`nin pozitiv olması şəxsin kəskin yaxud xroniki hepatit b xəstəsi olduğunu, neqativ olması şəxsin xəstə olmadığını göstərir.
Anti HBs. HBsAg`ə qarşı sintez olunan antiteldir. Bu antitel əmələ gəlibsə şəxsin xəstəliyi keçirib sağaldığını göstərir. Bundan başqa hepatit b`yə qarşı vaksinasiya olunmuş şəxslərin qanında da bu antitel müsbət olur.
HBcAg. Cor (nüvə) antigenidir. Virusun nüvəsində yerləşir. Bu antigen qanda tapılmır.
Anti HBc. Nüvə antigeninə qarşı əmələ gələn antiteldir. Şəxsin qanında Anti-HBcAg`in tapılması onun yaxın saatlarda, günlərdə və yaxud keçmişdə hepatit b virusuna məruz qalması faktını göstərir.
Anti HBc İgM. Kəskin infeksiyanın tanınmasında istifadə olunan testdir. Şəxsin son 6 ay ərzində virusa yoluxduğunu göstərir.
Anti HBe. Hepatit b`nin HBe antigeninə qarşı əmələ gələn antiteldir. Qanda müsbət olması şəxsin hepatit b virusuna yoluxduğunu lakin qanda hepatit b virusu sayının aşağı səviyyədə olduğunu göstərir. Belə şəxslərdə qaraciyər problemlərinin yaranma riskinin aşağı olduğu deyilir.
Kəskin hepatit b`nin spesifik müalicəsi yoxdur. Bu qısa müddətli xəstəlikdir və bu zaman adətən istirahət, adekvat qidalanma, çoxlu maye qəbulu və bəzən infuzion terapiya məsləhət görülür. Xəstəliyin xronik formaya keçməsinin qarşısını almaq üçün xəstəliyin müəyyən dövründən sonra interferonla malicəyə başlamaq olar.

 

Kəskin hepatit b`nin müalicəsi necədir?

Kəskin hepatit b`nin spesifik müalicəsi yoxdur. Bu qısa müddətli xəstəlikdir və bu zaman adətən istirahət, adekvat qidalanma, çoxlu maye qəbulu və bəzən infuzion terapiya məsləhət görülür. Xəstəliyin xronik formaya keçməsinin qarşısını almaq üçün xəstəliyin müəyyən dövründən sonra interferonla malicəyə başlamaq olar.

 

Xroniki hepatit b necə müalicə olunur?

Spesifik antiviral dərmanı yoxdur. qaraciyərə zərər vuran qidalardan və dərmanlardan uzaq durmaq, alkoqol, konservantlar və müxtəlif kimyəvi qatqılar olan qidalar qəbul etməmək, idmanla məşğul olmaq, stresdən uzaq durmaq tövsiyə olunur. Qaraciyərin zədələnməsinin qarşısını almaq üçün qaraciyər vitaminləri, antioksidantlar, hepatoprotektorlar həkim tərəfindən təyin oluna bilər. Şəxsin qanında DNA HBV miqdarı həddən artıqdırsa və qaraciyər üçün ciddi risk varsa həkim tərəfindən müəyyən antiviral dərman preparatları təyin oluna bilər. Hepatit b xəstələri həkimin təyin etdiyi müəyyən fasilələrlə dövri olaraq müayinələrdən keçməlidirlər.

 

Hepatit b`dən necə qorunmaq olar?

Hepatit b`yə qarşı vaksin və immunoqlobulinlər mövcuddur. Bunlar Hepatit b`nin profilaktikası üçün istifadə olunur.

 

Hepatit b-yə qarşı vaksin və immunoqlobulin hansı qaydada vurulur və insanı nə qədər müddət qoruyur?

Vaksinasiya 6 ay ərzində əksərən 0.1.3.6. ay sxemi ilə aparılır. Yəni 6 ay ərzində 4 dəfə 0.1.3 və 6-cı aylar əzələ daxili yaxud dərialtı vurulur. Ömürlük immunitet əmələ gəlir. Hepatit b`yə qarşı immunoqlobulin qısa müdətli immunitet yaradır və insanı 3 ay ərzində virusdan qoruyur.

 

Hepatit b`yə qarşı vaksin təhlükəsizdirmi?

Bəli təhlükəsizdir. Vaksin virusların təmizlənmiş HBs antigenlərindən ibarətdir və xəstəlik törətmək qabiliyyəti yoxdur. Əlavə təsirləri nadir hallarda rast gəlinir.

 

Hamilələr hepatit b`yə görə müayinədən keçməlidirlərmi?

Bəli. Çünki xəstəlik hepatit b ilə yoluxmuş hamilələrdən doğuş zamanı körpəyə keçə bilir. Bunun qarşısını almaq üçün körpə doğuşdan dərhal sonra HBV vaksini yaxud HBV immunoqlobulini ilə peyvənd olunmalıdır.