Hepatit A nədir?
Hepatit A virusları tərəfindən törədilən qaraciyərin yoluxucu iltihabi xəstəliyidir. İnsandan insana yoluxur. Əsasən uşaqlarda rast gəlinir, Kəskin formada gedir, xronikləşmir, sağalma ilə qurtarır.
Hepatit A virusunun quruluşu və xüsusiyyətləri necədir?
Hepatit A virusu 72`ci tip enterovirusdur. Picornaviridae ailəsinə, heparnavirus cinsinə aiddir. Tək spirallı RNT`si var. 27 nm ölçüsündədir. 7 genotipi var. Sitopatikdir.
A virus hepatiti necə yoluxur?
Viruslar xəstələrin qanında, nəcisində, ödündə və hepatositlərin sitoplazmalarında tapılır. Virus xəstələrin qanı ilə yoluxur və fekal-oral mexanizmlə və aşağıdakı yollarla yoluxur.
- İnsandan insana çirklənmiş əllərlə kontakt zamanı
- Virusla çirklənmiş ərzaq və su vasitəsilə
Xəstəlik hansı vaxtlar və kimlərdə çox rast gəlinir?
Əsasən yay-payız fəsillərində 1 yaşdan böyük uşaqlarda, ən çox 3-15 yaşlarda rast gəlinir.
Hepatit A virus infeksiyasının simptomları virusa yoluxduqdan nə qədər müddət sonra əmələ gəlir?
Viruslar insan orqanizminə mədə bağırsaq vasitəsilə onların selikli qişasından daxil olur. onlar burada bir müddət qalır. Bu müddət ərzində reproduksiya olunur, orada yerli iltihab törədirlər. Bu dövr gizli dövrdür və bu dövrdə xəstəliyin spesifik əlamətləri müşahidə olunmur. Viruslar kifayət qədər çoxaldıqdan sonra qana və limfa sisteminə daxil olub qaraciyərə gətirilir. Virusların qana daxil olduğu vaxtdan hepatit A xəstəliyinin klinik əlamətləri müşahidə olunmağa başlayır. Viruslar yoluxduqdan sonra qana daxil olanadək təqribən 2-6 həftə orta hesabla 21-25 gün çəkir.
Hepatit A`nın klinik əlamətləri hər zaman rast gəlinir?
Xeyr. Bir çox şəxslərdə ən çox da uşaqlarda xəstəlik gizli şəkildə gedir, simptomlar rast gəlinmir.
Hepatit A`nın hansı simptomları görülür?
Simptomlu variantlarda aşağıdakı klinik əlamətlər müşahidə olunur.
Qızdırma
Yorğunluq,
halsızlıq
İştahanın itməsi
Mədə bulanması
Qusma
Qarın hissədə ağrıların olması
Oynaq ağrıları
Sarılıq, sidiyin tündləşməsi, gil rəngli nəcisin olması
Simtomlar nə qədər davam edir?
Siptomlar adətən 2 aydan az davam edir. Lakin bəzən 6 aya qədər çəkə bilər.
Heç bir simptomu olmayan hepatit A xəstələri xəstəliyi yaya bilərmi?
Bəli. Bir çox şəxslərdə xəstəlik olsa da xəstəliyin heç bir klinik əlamətləri olmur. Xüsusən kiçik yaşlı uşaqlar xəstəliyi simptomsuz keçirirlər. Belə şəxslər də xəstəliyi asanlıqla yaya bilirlər.
Hepatit A virusu ətraf mühitdə nə qədər müddət sağ qalır?
Bu viruslar olduqca davamlıdır. Onlar hətta mədənin yüksək turş mühitində mövcud ola bilir. Bədəndən kənarda uzun müddət sağ qala bilir. Virus ətraf mühitdə 20 S`də 1 aya qədər yoluxuculuğunu saxlayır. 60 S`də 1 saata, 100 S`də 5 dəq aktivliyini itirir. Qaynadlarkən ən azı 1 dəq`yə ölür. UBŞ`ların təsirindən 1 dəq, 0.1%`li xloraminin təsirindən 30 dəq`yə məhv olur.
Xəstəliyi keçirdikdən sonra immunitet əmələ gəlirmi?
Bəli. Hepatit A virusları çox güclü immunitetə səbəb olan antigenə malikdir ki, bu da xəstənin qanında kifayət qədər spesifik hepatit A İg G`lərin toplanmasına səbəb olur.
Hepatit A`nın diaqnozu necə qoyulur?
Xəstəliyin simptomlarına görə və qan nümunəsi götürməklə hepatit a`nın diaqnozu dəqiqləşdirilir.
Hepatit A necə müalicə olunur?
Spesifik müalicə yoxdur. Bəzi insanlarda yüngül gedişli olduğu halda bəzilərində hospitalizasiya lazım ola bilir. Belə xəstələrə istirahət, adekvat qidalanma və maye məsləhət görülür. Ehtiyac olarsa həkim tərəfindən C və B qrup vitaminlər, polivitamin, maye köçürülməsi və s. təyin oluna bilər. Belə xəstələr əlavə hər hansı dərman və ya qida əlavələri qəbul edərkən həkimlə məsləhət etmək lazımdır ki qəbul olunan dərmanlar qaraciyərə zərərli təsir göstərməsin. Xəstələr tam keyfiyyətli qidalarla qidalanmalı, spirtli içkilərdən uzaq durmalıdırlar. Asan həzm olunan kərə və bitki yağlarına üstünlük verilməli, yağsız ətlərdən istifadə olunmalı, vitaminlə zəngin olan meyvə və tərəvəzlər çox istifadə olunmalı və çoxlu maye qəbul etmək lazımdır.
Hepatit A nə qədər ciddi xəstəlikdir?
Bu xəstəliyin bəzən uzun çəkməsinə və belə xəstələrin bəzən aylarla özlərini xəstə hiss etmələrinə baxmayaraq xəstəlik tamamilə sağalma ilə qurtarır və hər hansı qalıcı qaraciyər zədələnməsi müşahidə olunmur. Hepatit A xəstəliyi nadir hallarda 50 yaşdan yuxarı zəif şəxslərdə, B və C hepatitlər və digər qaraciyər xəstəlikləri ilə birgə rast gəlinərsə qaraciyər çatışmazlığı və ölüm halları verə bilər. Lakin deyildiyi kimi belə hal nadirdir və təqribən 0.6% hallarda müşahidə olunur. Normal immuniteti olan və ağır xəstəliyi olmayan şəxslərdə bu xəstəlik tam sağalma ilə başa çatır.
Şəxs hepatit A virusu ilə təmasda olmuşdursa nə etməlidir?
Şəxs bu virusla təmasda olduğunu və ona yoluxduğunu düşünürsə 2 həftə içində HAV əleyhinə immunoglobulin və ya vaksin vurdurmalıdır.
Şəxs əvvəllər hepatit a xəstəliyini keçiribsə ona yenidən yoluxa bilərmi?
Xeyr. Bu xəstəlikdən sonra ömürlük immunitet əmələ gəlir.
Hepatit A`dan necə qorunmaq olar?
Ən yaxşı yol HAV qarşı vaksinayadır. Vaksinasiya bütün uşaqlara, xarici ölkələrə səyahət edənlərə və infeksiya riski yüksək olanlara məsləhət görülür. Tualetdən sonra, uşaqların bezlərini dəyişdirdikdən sonra, yemək hazırlamazdan öncə əlləri tez-tez sabunla ilıq su ilə yumaq hepatit a`nın yayılmasının qarşısını alır.
Hepatit A vaksini nədir və necə vurulur?
Hepatit A vaksini aktivliyi sıfıra yaxın olan hepatit A viruslarından hazırlanmış vasitədir. 6 aylıq aralıqla 2 dəfə vurulur.
Hepatit A immunoqlobulini nədir?
İmmunoqlobulinlər infeksiyaya qarşı hazır anticisimlər saxlayan qan plazmasından alınır. İmmunoqlobulinlər qısa müddət təsirli olur. Onlar təqribən 3 ay müddətində insanı virusdan qoruyur. İmmunoqlobulinlər ya virusla təmasda olmadan öncə (məsələn hər hansı bir ölkəyə səyahət edərkən) ya da virusla təmasda olduqdan sonra vurulur. Ən yaxşı nəticə üçün immunoqlobulin virusla təmasda olduqdan 2 həftə içində vurulmalıdır.