Qonorreya nədir?

Qonorreya cinsi yolla yoluxan infeksion xəstəlik olub Neisseria gonorrhoeae bakteriyaları tərəfindən törədilir. Çanaq orqanlarının iltihabını törədən, dölsüzlüyə və ektopik hamiləliyə gətirib çıxaran ən geniş yayılmış cinsi yolla keçən infeksiyadır.
Cinsi əlaqə zamanı həm kişiyə həm də qadına asanlıqla yoluxa bilir. Ümumdünya səhiyyə təşkilatının məlumatına görə hər il 62 milyon bu xəstəliyə yoluxma hadisəsi baş verir. 2005-ci ildə böyük britaniya əhalisi arasında 20-24 yaşlı hər 100.000 nəfər kişidən 196`na, 16-19 yaşlı hər 100.000 nəfər qadından 133`nə qonorreya diaqnozu qoyulmuşdur.

 

Necə yoluxur?

İnfeksiya bir şəxsdən digərinə cinsi əlaqə yoluyla keçir. Vaginal cinsi əlaqə zamanı kişilərə yoluxma riski 20 %, qadınların yoluxma riski 60-80 %`dir. Ana doğuş zamanı yenidoğulana yoluxdura bilər. İnfeksiya yenidoğulmuşun gözünə düşərsə Ophthalmia neonatorum adlı xəstəlik əmələ gəlir.

 

Kimlər Qonorreyaya daha çox yoluxma riski daşıyır?

⦁ < 25 yaş ⦁ Subay şəxslər ⦁ Əvvəllər cinsi yolla yoluxan xəstəlik keçirmə ⦁ Son 3 ayda yeni və yaxud >1 seks partnyorunun olması
⦁ Cinsi əlaqə zamanı qoruyucudan istifadə olunmaması
⦁ Seks biznesi ilə məşğul olanlar

 

Əlamətləri və simptomları nədir?

Xəstəliyin əlamətləri yoluxmadan 2-14 gün sonra (çox hallarda 4-6 gün sonra) başlayır.
Qadınların təqribən yarısında simptomsuz gedir. Yəni heç bir klinik əlamət vermir. Digərlərində isə güclənmiş vaginal ifrazat, dizuriya (sidiyə tez tez və ağrılı getmə), uretral axıntı, abnormal vaginal qanaxma, vulval qaşıntı və yandırma hissi, qarının aşağı hissəsində ağrılar olur. Cinsi əlaqənin də ağrılı olması qeyd edilir.
Kişilərdə uretradan (sidik kanalından) ifrazatın gəlməsi, sidik kanalı daxilində qaşıntının olması, sidiyə tez-tez və ağrılı getmə xarakterikdir. İfrazat bol miqdarda sarımtıl rəngli və iyli olur.

 

Əgər kişidə qonorreya varsa oral seks zamanı yoluxa və hər hansı təhlükəsi ola bilərmi?

Bəli. Oral seks zamanı xəstə kişi partnyorlardan qonoreyya boğaza yoluxa bilir və boğaz qonorreyası adlı xəstəlik əmələ gəlir. Bu infeksiya 90% hallarda asimptomatik gedir, yalnız 10% hallarda xəstələrdə boğaz ağrıları olur.

 

Qonorreyanın hansı ağırlaşmaları olur?

Qonorreya müalicəsiz qalarsa həftələr və aylar sonra ağırlaşmaların riski yüksək olur. Kişilərdə lokal şəkildə yayılıb epididimit, prostatit, uretritə səbəb olur. Qadınlarda isə çanaq orqanlarının iltihabına səbəb olur. Buna görə sonsuzluq, uşaqlıqdan kənar hamiləlik baş verə bilər. Bundan başqa həm qadınlarda həm kişilərdə nadir hallarda ümumi yayılma göstərib dəri pustulaları yaxud petexiyaları, septik artrit, meningit, endokardit və s. əmələ gətirir. Ümumi ağırlaşmalar qadınlarda 0.6-3.0%, kişilərdə 0.4-0.7% hallarda baş verir.

 

Diaqnoz

Diaqnozu vaginal və yaxud uretral yaxmada Neisseria Gonorrhoeae diplokokklarının tapılmasıyla qoyulur. Ənənəvi üsulda qram boyası və əkmə tətbiq olunurdu. Günümüzdə isə PCR metodu daha çox istifadə olunmağa başlamışdır.

 

Müalicə

Əsas müalicə antibiotiklərlə aparılır. Müalicəsi iki antibiotiklə aparılır. Hazırda avropa və amerikada 1 günlük müalicə rejimi tətiq olunur. Ağırlaşmamış qonorreya 1 günlük müalicə kursu ilə tamamilə sağala bilir. Lakin qonorreya infeksiyası əsasən xlamidiya və mikoplazma infeksiyaları ilə birgə rast gəlindiyi üçün onların da müalicəsinə ehtiyac olur. Son zamanlar Qonorreyanın dərmanlara (antibiotiklərə) davamlı bəzi ştamları meydana çıxmışdır ki, bu da müalicədə çətinlik törədir. Əgər birinci kursda sağalma tam baş vermirsə, yaxmanın antibiotikə həssaslığı öyrənilməlidir. Dərmanları düzgün qəbul etməmək belə mikrob ştamlarının meydana çıxmasına səbəb olur və sağalma prosesi çətinləşir. Buna görə də antibiotiklərin həm seçimi, həm dozası, həm də qəbul olunma qaydası çox dəqiq seçilməlidir. Bəzi hesablamalara görə bu mikrobların gələcəkdə müalicəsi xeyli çətinlik törədəcək.

[instagram-feed]