Dünəndən bəri dünya gündəmində panikaya səbəb olan bir xəbər yayılmağa başlayıb. Yeni pandemiya ola biləcəyi xəbərləri dolaşmaqdadır. Çində yeni koronavirus növü aşkar olunub. Bu barədə sizə qısa məlumat vermək istədim. Mən Covid-19 ilə əlaqəli xəbərlərə çox önəm vermirəm. Çünki, covid-19 yeni variantları artıq bizim üçün təhlükəli deyil. Bu virusa qarşı kollektiv immunitet yaranıb, bizim immun sistemimiz bu virusu tanıyır. Ancaq məsələ burasındadır ki, bu dəfə söhbət covid-19-dan getmir. Bu virus covid-19 variantı deyil, tamamilə yeni bir koronavirus növüdür. Yəni, koronaviruslar ailəsinə daxil olan başqa bir növdür. Söhbət HKU5-CoV virusundan gedir. Bu virus ilk dəfə 2007-ci ildə Hong-Kong universitetində yarasalarda aşkar olunmuş betakoronavirusdur, adı da buradan götürülmüşdür. Bu virusun insanlara yoluxma təhlükəsi yox idi. Ancaq bir neçə gün öncə Çinin Vuhan universitetində aparılan araşdırmanın nəticəsinin açıqlanması ilə ortalıq qarışdı. Hong-Kong universiteti tərəfindən 2007-ci ildə tapılan virusunu HKU5-CoV2 adlı yeni variantı var və insana yoluxa bilir. Bu virus covid-19 virusu ilə eyni yoluxma yoluna və mexanizminə malikdir. Hər iki virus insan hüceyrələrinə ACE2 reseptorları vasitəsilə daxil olur. Ancaq nəisə ki, şad xəbər də var. Şad xəbər ondan ibarətdir ki, bu virusun ACE2 reseptorlarına affinliyi zəifdir və covid-19-dan dəfələrlə az xəstəlik törətmə qabiliyyətinə malikdir. Bu onu göstərir ki, hazırda bu virus pandemiya törətmək potensialında deyil. Bunun üçün əlavə mutasiyaların baş verməsi lazımdır. Bu isə koronaviruslar üçün çətin məsələ deyil. Buna görə bu virus yaxından izlənilir. Hazırda insanlara heç bir yoluxma qeydə alınmayıb. Qeyd edim ki, hələ ki, Ümumdünya Səhiyyə Təşkilatı və Çin dövlətinin qurumlarının bu barədə rəsmi məlumatı yoxdur.
Paylaşan: Dr. Mərdan Əliyev