Qızdırma beyində yerləşən termorequlyasiya mərkəzində güclənmə ilə əlaqədar olaraq bədən hərarətinin normal hədlərdən yuxarı qalxmasıdır. Baş beyinə bədən hərarətinin qaldırılmasına ehtiyac olduğu barədə verilən informasiya və əmr hipotalamusda yerləşən termorequlyasiya mərkəzində güclənməyə səbəb olur. Bu zaman bədən temperaturunu yüksəlməyə yönəlik proseslər başlayır. İstilik vermə prosesi maksimum dərəcədə məhdudlaşdırılır (dəri kapilyarları daralır), bu kifayət etmədikdə əlavə olaraq istilik yaranma prosesinə təkan verilir (əzələlərin sürətli hərəkəti və digər istilik yaratma prosesləri). İnsanın qızdırma qalxan müddətdə üşüməyə başlamasına səbəb dəri kapilyarlarının vazokonstuksiyası və bunun nəticəsində dəri reseptorlarından beyinə üşümə siqnallarının ötürülməsidir. Bundan sonra titrəmə başlaya bilər ki, bu da əzələlərin sürətli hərəkətinin nəticəsidir (əzələlər hərəkət edir ki, istilik əmələ gəlsin). Az sonra kifayət qədər istilik əmələ gəldikdə istilik əmələ gətirmə istiqamətində gedən proseslər dayandırılır və artıq üşümə və titrəmə istilənmə ilə əvəz olunur. Üşümə keçir və insan kifayət qədər istilik hiss edir. Bədən temperaturunun yüksəlməsinə əksər hallarda infeksion amillər səbəb olur. Araşdırmalar göstərir ki, bədən temperaturunun artması faydalıdır, bu immun cavab mexanizmini aktivləşdirir. Buna baxmayaraq buna əks bəzi arqumentlərlə çıxış edən alimlər də vardır. Qızdırma salan antipiretik dərmanların xəstənin komfort dərəcəsini yaxşılaşdırmasına baxmayaraq çox yüksək qızdırmalar istisna olmaqla temperaturun salınması çox da tövsiyə olunmur.
Bədən temperaturu müxtəlif nahiyələrdə ölçülür:
– Anusdan (rektal temperatur)
– Ağızdan (oral temperatur)
– Qoltuqdan (aksilyar temperatur)
Bir çox ölkələrdə o cümlədən avropa ölkələrində hərarət ağızdan ölçülür və oral temperatur istifadə edilir. Bəzi ölkələrdə qoltuq hərarətindən istifadə edilir. Rektal temperatur daha çox ginekoloji praktikada istifadə edilir. Müxtəlif nahiyələrdə bədənin normal temperatur həddi fərqlidir.
QIZDIRMA TİPLƏRİ
- Daimi qızdırma
Qızdırma yüksəlir və yüksək həddə saxlanılır. Günlük temperatur dəyişmələri 1 dərəcəni ötmür. Qarın yatalağı və digər xəstəliklərdə görülür.
əyri 1
- İntermittə edici (fasiləli) qızdırma
Qızdırma müxtəlif periodlarla qalxır, bir müddət saxlanılır və sonra normaya enir. Bura malyariya zamanı rast gəlinən 1 günlük, 2 günlük qızdırmalar da aiddir.
əyri 2
- Remittent (üzücü) qızdırma
Qızdırma yüksəlir və günlük fluktuasiya edir. Yəni günlük temperatur dəyişmələri 1 dərəcədən artıq olur. Yerli dəri iltihabı olan erizipel, tuberkulyoz, sepsisdə rast gəlinir.
əyri 3
- Neytropenik qızdırma
Normal immun cavabın olmaması nəticəsində baş verir (neytrofillərin az olması). Belə qızdırma immunosupressor xemoterapiya alanlarda baş verir.
ƏLAMƏTLƏRİ VƏ SİMPTOMLARI
Qızdırmanın halsızlıq, iştahsızlıq, yuxuculluq, hiperalgeziya və digər əlamətləri olur.
DİFFERENSİAL DİAQNOZ
- İnfeksion xəstəliklər
İnfluenza, HİV, malariya, infeksion mononukleoz, gastroenterit, laym xəstəliyi və s. - Müxtəlif dəri infeksiyaları
Abses, furunkul, selulit, qızılyel - İmmunoloji xəstəliklər
lupus eritomatosus, sarcoidosis, autoimmun hepatitlər və s. - Toxuma destruksiyası
hemoliz, cərrahiyə, infarkt, rabdomioliz, serebral hemorragiyalar - Uyğun olmayan qan məhsullarına reaksiya
- Müxtəlif bəd xassəli şişlər
- Metabolik pozğunluqlar
porfiriyalar - Trombo-embolik proseslər
pulmonar embolizm, dərin venaların trombozu
PATOFİZİOLOGİYASI
Temperaturun tənzimlənməsi dediyimiz kimi hipotalamusla əlaqəlidir. Qızdırmanın tətikləyicilərinə pirogenlər deyilir. Pirogen maddələrə müxtəlif maddələr aiddir. Bəzi bakteriyaların hüceyrə divarında olan lipopolisaxaridlər pirogen maddədir. Endogen pirogen maddələrə isə orqanizmin daxilində sintez olunan sitokinlər, İL-1, İL-6, interferonlar və s. aiddir. Pirogen maddələr qana düşdükdə qanda prostoqlandin E2`nin miqdarını artırır, bu isə beyində hipotalamusa təsir göstərib termorequlyasiya mərkəzində temperatur dərəcəsini qaldırır. Qeyd edək ki, PGE2 araxidon turşusundan sintez edilir. Bundan sonra istilik itirmə prosesinin azaldılması və istilik hasil etmənin güclənməsi ilə bədən hərarətinin artmasına təkan verir. Dəri damarlarında daralma (vazokonstruksiya) dəridən istilik itirilməni azaldır bu zaman üşümə hissi əmələ gəlir. Bu qanın temperaturunu tənzimləməyə kifayət etmədikdə hipotalamusa yeni impulslar göndərilir və əzələlərin çoxsaylı hərəkəti yaranmaqla istilik hasil edilir bu zaman titrətmə hissi müşahidə edilir. Kifayət qədər istilik əmələ gəldikdən sonra titrəmə dayanır və bədən hərarəti qalxır. Qızdırmaya səbəb olan amil zərərsizləşdirildikdən sonra hipotalamik həyəcanlanma dayanır və proses geri inkişaf edir.
Qızdırmanın faydalı olub olmaması barədə bir neçə araşdırmalar mövcuddur, bunların əksəriyyəti qızdırmanın faydalı olmasını deyir. Bir çox araşdırmalar qızdırmalı vəziyyətlərdə bakterial infeksiyanın daha tez məhv olduğunu və kritik vəziyyətlərdə ölüm göstəricilərinin daha az olmasını göstərir. Teorik olaraq qızdırma bəzi immunoloji reaksiyaları aktivləşdirir, qızdırmanın yüksək olması bir çox patogenlərin inkişafını ləngidir. Araşdırmalar göstərir ki, bədən hərarətinin yüksək olması sağalmanı tezləşdirir. Bu aşağıdakı bir neçə yolla mümkün olur.
– Leykositlərin mobilliyinin artması
– Leykosit faqositozunun aktivləşməsi
– Endotoksinin təsirinin azaldılması
– T hüceyrə proliferasiyasının sürətlənməsi
Qızdırmanın aşağı salınmasına əksər hallarda ehtiyac yoxdur. Sadəcə qızdırmanın səbəbini tapıb onu müalicə etmək lazımdır.
Araşdırmalara görə beyinə mənfi təsir adətən 42 dərəcəyə qədər baş vermir və müalicə olunmadan bədən temperaturunun 40.6 dərəcəni keçməsi nadirdir.
QIZDIRMANIN İDARƏ OLUNMASI
Bəzi məhdud saylı sübutlar qızdırma yüksək olarsa onu aşağı salmaq üçün qızdırmalı uşaqları ilıq su ilə yuyundurmaq və ya süngərlə silməyi tövsiyə edirlər. Hava axınını yaxşılaşdırmaq qızdırmanın aşağı salınmasında və xəstənin vəziyyətinin yaxşılaşdırılmasında böyük rol oynayır. Əgər qızdırma hiperpireksiya vəziyyətinə çatarsa daha aqressiv soyutma üsulları və digər müxtəlif yollardan istifadə edilməlidir. Mütləq adekvat su qəbulu olmalıdır. Çoxlu maye qəbulu xəstəliyin simptomlarını azaldır və tənəffüs yolu xəstəliklərinin müddətini qısaldır. Qızdırma salıcı antipiretiklərdən ehtiyac olarsa istifadə oluna bilər. Uşaqlarda ən çox istifadə edilən antipiretiklər paracetamol və ibuprofen’dir. Paracetamol ibuprofendən daha effektiv hesab edilir. Sözsüz ki, istənilən dərmanların əlavə təsirləri vardır və bunlar da istisna deyil. İbuprofen aspirindən daha effektivdir. Aspirin Reye sindromuna səbəb olduğu üçün 16 yaşdan kiçiklərə (bəzi ölkələrdə 19 yaş) verilməsi tövsiyə edilmir.