Gizli gedən təhlükəli xəstəlik-Hepatit

Virus hepatitlərinin tarixi insanlıq tarixi qədər qədimdir. Bu virus infeksiyalarının klinik əlamətləri ilk dəfə hələ Hippokrat tərəfindən təsvir edilmişdir. Virus hepatitləri çox geniş yayılmışdır. Virus hepatitləri bugün dünyada ən aktual xəstəliklərdəndir. Bu xəstəlikləri aktual edən onların dünyada geniş yayılmaları, təhlükəli ağırlaşmalarının olması və ölüm göstəricilərinin yüksək olmasıdır.

Hepatit törədən virusların 5 növü məlumdur. Bu viruslar hepatotrop xüsusiyyətə malik olduqları və demək olar ki, yalnız hepatit törətdikləri üçün hepatit virusları adlanır.

170 milyon civarında dünyada hepatit c xəstəsi var, xronik hepatit b xəstələrinin sayı isə 250 milyondan artıqdır. Bu xəstəliklərin ölüm göstəriciləri də yüksəkdir. Dünyada yaşayan insan sayının təqribən 7.5 milyard olduğunu nəzərə alsaq, hepatit b və hepatit c xəstələri dünya əhalisinin 5.6%`ni təşkil etdiyini söyləyə bilərik. Bu rəqəmlər sözü gedən xəstəliklərin niyə bu qədər aktual olduğunu aydın şəkildə göstərir.

Virus hepatitlərinin başladığı ilk 6 ay kəskin mərhələ adlanır. Bu zaman ya sağalır ya da xroniki xəstəliyə çevrilir. Xroniki hepatitin öz-özünə sağalması ehtimalı demək olar ki yoxdur. Bundan sonra qaraciyərin xroniki zədələnməsi davam edir və son nəticədə qaraciyər sirrozuna və ya qaraciyər xərçənginə gətirib çıxarır.

Hepatit nədir? Hepatit qaraciyər toxumasının iltihabına deyilir. Qaraciyər hüceyrələrinin iltihabına və nekrozuna səbəb olur. Çox təəssüf ki, səssiz gedir, özünü sonuncu mərhələlərdə göstərməyə başlayır, odur ki, xəstələr virusun varlığından gec mərhələlərdə xəbər tuturlar. Qaraciyərdə ağrı reseptorları və sinirlər olmadığı üçün pataloji proses səssiz gedir. Virus hepatitləri bir çox hallarda təsadüfi müayinələr zamanı aşkar olunur. Özünü sağlam hesab edən şəxs analiz verir və onda hepatit virusu aşkarlanır. İnsan böyük psixoloji gərginlik keçirir, panikləyir. Amma əslində yaxşıdır ki, onlar virus olduğundan xəbərdar olurlar. Müalicə ilə bu xəstəlikləri tamamilə sağaltmaq və ya təhlükəli ağırlaşmalarını sıfıra endirmək mümkündür. Xəstəliklərindən erkən mərhələdə xəbər tutanlar şanslıdırlar. Digər çox ciddi bir məsələ isə hepatit viruslarını bir neçə ay və ya il daşıyanlarla əlaqədardır. Belə şəxslərdə virusun olması onlar üçün adiləşir və onlarda arxayınçılıq yaranır. Özlərini zahirən sağlam hiss etdikləri üçün həkimə müraciət etmirlər. Lakin belə pasientlərin böyük əksəriyyəti həkimə müraciət edəndə artıq qaraciyərində sirroz inkişaf etdiyi məlum olur. Virus hepatitlərini daha yaxşı başa düşmək üçün qaraciyər barədə qısa məlumat vermək istəyirəm.

Qaraciyərin orqanizm üçün əhəmiyyəti nədir? Qaraciyər orqanizmdə ən böyük vəzli üzv olub 500`dən artıq vacib metabolik funksiya yerinə yetirir. Qarın boşluğunun sağ üst hissəsində yerləşən qaraciyər hüceyrəarası maddədən, hüceyrələrdən, öd yollarından və qan damarlarından ibarətdir. Orqanizmdə çox vacib funksiyalar qaraciyərlə əlaqədardır.  Yediyimiz bütün qida maddələri bağırsaqlardan qapı venası ilə qaraciyərə gəlir. Zərərli maddələr, dərman maddələri, alkoqol, süni qidaların və içkilərin tərkibindəki yad maddələr qaraciyərdə zərərsizləşir.  Maddələr mübadiləsinin bəzi zəhərli son məhsulları da qaraciyər tərəfindən zərərsizləşdirilib orqanizmdən kənarlaşdırılır. Qaraciyərin funksiya pozğunluqlarında, qaraciyər çatışmazlığı zamanı bu zəhərli maddələr baş beyinə qıcıqlandırıcı təsir göstərib qaraciyər ensefalopatiyası deyilən patalogiya əmələ gətirir.

Qaraciyər həm də depolama funksiyası yerinə yetirir. Yağlar, karbohidratlar, müxtəlif vitaminlər və minerallar qaraciyərdə ehtiyat qida maddələri şəklində toplanır və lazım olduqca istifadə olunur. Qan şəkərinin normada saxlanılmasında da qaraciyərin rolu var.

Qaraciyərin gün ərzində ifraz etdiyi 2 litrə qədər öd yediklərimizin həzm olunmasında mühüm rol oynayır.  Buna görə qaraciyər xəstəlikləri zamanı öd ifrazı və həzm pozğunluğu baş verir. Yeməkdən sonra köp, ağırlıq, ağrı əmələ gəlir.

Qaraciyərdə orqanizmə lazım olan bir çox maddələr sintez olunur. Proteinlər, yağlar, karbohidratlar, vitaminlərin sintezi qaraciyərdə baş verir. Buna görə qaraciyər çatışmazlığı və sirroz zamanı xəstələrdə arıqlama baş verir.

Qan laxtalanma faktorları da qaraciyərdə sintez olunduğu üçün qaraciyərin irəli dərəcəli xəstəliklərində qan duru olur, laxtalanma qabiliyyəti azalır. Belə xəstələrin qanaxmaya meyilli olması bununla əlaqəlidir.

Yuxarıda sadalananlar qaraciyərin gördüyü işlərin bir hissəsidir. Bütün əsas metabolik proseslər qaraciyərdə gedir. Qaraciyərdə gedən biokimyəvi reaksiyalara görə ona orqanizmin böyük labaratoriyası demək olar.

Hepatitlərin hansı əlamətləri var? Hepatitlər çox hallarda heç bir əlamət vermədən gizli gedir. Simptomlu hallarda yorğunluq, halsızlıq, əzələ ağrıları, sarılıq, iştahanın azalması, ürəkbulanma, qusma kimi əlamətlərin biri və ya bir neçəsi rast gəlinə bilər.

Hepatit b xəstəliyinin müalicəsi necə aparılır? Hepatit b mualicesi xəstəliyin formasından asılıdır. Bu xəstəliyin müxtəlif formaları var və bütün formalar müalicəyə göstəriş deyil. Xəstəliyin formasından asılı olaraq antiviral müalicə təyin oluna bilər. Qeyri aktiv hepatit b daşıyıcılığında müalicə təyin olunmur sadəcə xəstə nəzarətə götürülür. Xroniki aktiv formalarda müalicə təyin edib virusun aktivliyini azaldıb sıfıra qədər endiririk.

Hepatit c xəstəliyi tamamilə sağalırmı? Bəli hepatit c xəstəliyi artıq tam sağalan xəstəlikdir. Yeni birbaşa təsirli antiviral dərmanlar vasitəsilə ağırlaşmamış formalarda əksər xəstələrdə 3 aylıq müalicə kursu ilə hepatit c virusu tamamilə qandan təmizlənmiş olur. Burada virusun genotipi, virus yükü, rezisdentiyi, qaraciyərin zədələnmə dərəcəsi, xəstəliyin mərhələsi və xəstənin ümumi vəziyyəti nəzərə alınmaqla müvafiq müalicə təyin edilməlidir. Qaraciyər sirrozu inkişaf edibsə hepatit c mualicesi 6 aya qədər davam etdirilməlidir. Hepatit c mualicesi barədə daha ətraflı hepatit c nedir linkindən oxuya bilərsiniz.

Hepatitlər hansı yollarla yoluxur? Hepatitlər əsasən tibbi əməliyyatlar, diş çəkmə, venadaxili inyeksiyalar (narkomanlar arasına), cinsi yolla, hamilə anadan dölə və ya yeni doğulmuşa, tatuirovka və döymə etmə prosesində, manikur və pedikur zamanı, bər-bərdə və s. yoluxa bilər. Adətən ev daxilində, eyni qabdan yemək yeməklə, qucaqlaşmaqla, görüşməklə yoluxmur.

 Dr. Mərdan Əliyev

İnfeksionist hepatoloq

 Tel. (050) 273-93-05

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s